Accessibility links

Konqresmen Pol Qosar: Faciəli hadisələrə baxmayaraq Azərbaycan xalqı sınmadı


Pol Qosar (Paul Gosar)
Pol Qosar (Paul Gosar)

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) “Qara Yanvar”ın 30-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, 1990-cı ilin yanvarında SSRİ rəhbərliyi xalqın azadlıq istəyini yatırmaq üçün Azərbaycana qoşun yeritdi.

“Azərbaycan xalqı sovet hökmranlığından azad olmaq uğrunda mübarizədə qətiyyət göstərdi. Azərbaycan xalqının etirazını dinc formada bildirməsinə baxmayaraq, sovet rəhbərliyi buna hərbi işğalla cavab verdi.

20 Yanvar Ümumxalq Hüzn Günü ictimaiyyət Şəhidlər Xiyabanını ziyarət edir
20 Yanvar Ümumxalq Hüzn Günü ictimaiyyət Şəhidlər Xiyabanını ziyarət edir

Cəza əməliyyatı nəticəsində 147 mülki şəxs öldürüldü, yüzlərlə insan yaralandı və həbs edildi.

Faciəli hadisələrə baxmayaraq, Azərbaycan xalqı sınmadı və onun mübarizəsi 1991-ci ilin payızında Azərbaycanın müstəqillik əldə etməsi ilə nəticələndi.

Müstəqillik elan edildikdən sonra Azərbaycan regionda azadlıq mayakına çevrildi və ABŞ-ın bölgədəki dostu və müttəfiqi oldu,” konqresmen qeyd edib.

Müstəqillik elan edildikdən sonra Azərbaycan regionda azadlıq mayakına çevrildi və ABŞ-ın bölgədəki dostu və müttəfiqi oldu.
Pol Qosar, konqresmen


Bəyanatda Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ehtiram göstərilir, Konqresin digər üzvləri “Qara Yanvar” qurbanlarının xatirəsini yad etməyə çağırılır və Azərbaycanla müttəfiqlik münasibətləri qeyd olunur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti adı “Zərbə” olub. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

20 yanvar faciəsinin qurbanları
20 yanvar faciəsinin qurbanları

Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

XS
SM
MD
LG