Konstitusiya Məhkəməsi dekabrın 4-də Milli Məclisin buraxılmasının konstitusiyaya uyğun olub-olmaması barədə prezident İlham Əliyevin müraciətinə baxacaq.
Bununla bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, iclasda Milli Məclisin 2019-cu il 2 dekabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərarı əsasında Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğunluğu barəsində prezidentin sorğusuna baxılaraq, plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.
Bu gün Azərbaycan prezidenti “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Milli Məclis dekabrın 2-də deputatların səs çoxluğu ilə “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.
Bu qərarda Azərbaycan prezidentindən Milli Məclisin konstitusiyaya əsasən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahiş edilir.
Qərarda bildirilir ki, Milli Məclis üzvlərinin mütləq əksəriyyətində parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə mövqe formalaşıb və nəticədə parlamentin öz fəaliyyətini davam etdirməsi qeyri-mümkün olub.
Qərara əsasən Milli Məclisin konstitusiyada nəzərdə tutulan səlahiyyətlərinin müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yüksək səviyyədə saxlanılmasının təmin edilməsi üçün Milli Məclis buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir.