Accessibility links

Şimali və Cənubi Koreyalar Qış Olimpiya oyunları ilə əlaqədar müzakirələr aparır


Bazar ertəsi hər iki Koreyanın nümayəndə heyəti Şimalın bədii ifaçılarından ibarət bir qrupun gələn ay Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarında iştirakı bağlı detalları müzakirə etmək üçün görüş keçirir.

Sərhəddəki Panmunjom kəndində keçirilən görüşdə müzakirələrin diqqət mərkəzində Şimalın qadınlardan ibarət məşhur Moranbonq musiqi qrupunun cədvəli məsələsi olacağı gözlənilir. Bu qrupun üzvlərinin hər birinin şəxsən Şimali Koreya lideri Kim Conq Un tərəfindən seçildiyi bildirilir.

“Qarşıdan gələn soyuqlara baxmayaraq bu gün hava nisbətən istidir. Düşünürəm ki, bu il yaz tez gələcək. Bizim incəsənət nümayəndələrimizin Cənuba gəlişi yaxşı vaxta təsadüf edir”, deyə Şimali Koreya Mədəniyyət Nazirliyinin rəsmisi Kvon Hyok-Bonq bildirib.

“Bu günə kimi hava çox soyuq idi. Havanın istiləşməsi ilə mən bizim bu günkü görüşümüzdən yaxşı nəticələr gözləyirəm. Və düşünürəm ki, havanın istiləşməsi də bizə ümumi məqsədə çatmamıza yardım edir”, deyə Cənubi Koreyanın nümayəndə heyətinin rəhbəri bildirib.

Şimali Koreya Pxençxanqda keçiriləcək Qış Olimiada oyunlarında iştirak edəcək heyətinin tərkibinə idmançılarla yanaşı, bədii ifaçılar, rəsmilər, jurnalistlər və digərləri daxildir.

Cənubi Koreyanın Unifikasiya Nazirliyi bildirib ki, Şimali Koreyanın nümayəndə heyətinin sayı Şimali Koreya rəsmiləri yanvarın 20-də Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri ilə görüşündə müəyyən ediləcək.

Şimali Koreyanın Olimpiya oyunları ilə əlaqədar barışıq jestləri çoxları tərəfindən ötən il nüvə və ballistik raket sınaqlarından sonra gərginliyin azaldılmasına cəhd kimi qiymətləndirilib.

XS
SM
MD
LG