Accessibility links

Koronavirus hallarının artdığı ABŞ ştatları məhdudiyyətləri yenidən sərtləşdirir


ABŞ-da yoluxma halları artmaqda davam edən zaman Kaliforniya, Ayova və digər ştatların rəsmiləri 247 mindən çox insanın ölümünə səbəb olan koronavirusun yayılmasının qarşısını almaq məqsədilə yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Ayova ştatının qubernatoru Kim Reynolds qapalı yerlərdə toplantıların 15 nəfərlə məhdudlaşdırılması, qapalı yerlərdə sosial məsafəni 15 dəqiqədən çox saxlaya bilməyən insanların maska taxması, bütün restoran və barların axşam saat 10-da bağlanması haqda göstəriş verib.

"Ayovalılar bunları etməsələr biz məğlub olarıq. Müəssisələr yenidən bağlanacaq. Daha çox məktəb onlayn sistemə keçmək məcburiyyətində qalacaq, səhiyyə sistemimiz sıradan çıxacaq və bu bizə insan həyatı bahasına başa gələcək" - deyə, Reynolds bazar ertəsi mətbuat konfransında bildirib.

Kaliforniya qubernatoru Qavin Nyusom isə bar və restoranlarda bütün qapalı xidmətlərin dayandırılması və bəzi məhdud istisnalar olmaqla, evlərindən kənarda hər kəsdən maska taxılmasının tələb edildiyi daha sərt məhdudiyyətlərə əl atıb. Bu məhdudiyyətlər Kaliforniyanın 58 bölgəsindən 40-da tətbiq olunur.

Nyu-Cersi ştatında fərqli ailələrdən olan insanların bir araya gəlməsinə daha sərt məhdudiyyətlər tətbiq edilir. Filadelfiya şəhərində isə bir yerdə yaşamayan insanlar arasında qapalı yerlərdə toplantılara qadağa qoyulub.

Cons Hopkins Universitetinin bildirdiyinə görə, son bir həftə ərzində ABŞ-da gündə təxminən 150 min yeni yoluxma halı qeydə alınıb. ABŞ-da pandemiya başlayandan bəri koronavirusa dünyada ən çox sayda - 11,2 milyondan çox insan yoluxub..

Yoluxma hallarının artması səhiyyə sistemləri qarşısında çətinliklərin yaranmasına gətirib çıxarıb, belə ki, ştatların yarısı xəstəxanaya yerləşdirilmə hallarında artım haqda məlumat verib.

Bəzi pərakəndə satış mağazaları müştərilərin mağazalara daxil ola bilməsi üçün növbələrdə təhlükəsizlik tədbirlərini yenidən tətbiq edir və əl təmizləyicisi, tualet kağızı və dezinfeksiyaedici kimi mallara limitlər qoyur.

Şərhlərə bax

XS
SM
MD
LG