Accessibility links

Koronavirus infeksiyasından 7 nəfər vəfat edib


Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 10 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, aktiv xəstə sayı 4 783 nəfərdir.

Bu gün 5 700 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 397 min 399 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək uzadılıb.

Operativ Qərargah bildirir ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

XS
SM
MD
LG