Accessibility links

Pfizer şirkəti hazırladığı koronavirus peyvəndinin 95% təsiri olduğunu bəyan edib


Əczaçılıq şirkəti Pfizer çərşənbə günü hazırladığı koronavirus peyvəndinin 95 faiz effektivliyini və ciddi yan təsirlərinin olmadığını bildirib. Şirkət fövqəladə hallarda istifadə üçün federal hökumətin təsdiqini gözlədiyini deyib.

Pfizer peyvəndin 3-cü mərhələsinin sınaqlarından sonra nəticələri açıqlayıb və yaşlı insanlarda COVID-19-un səbəb olduğu ölüm riskinin qarşısını alacağını bildirib.

Amerikanın əczaçılıq nəhənginin bu açıqlaması ilk ümidverici nəticələri aşkar etməsindən bir həftə sonra və peyvənddən təcili istifadə üçün federal hökumətdən rəsmi olaraq təsdiqləməsini xahiş etməyi planlaşdırmasından sonra verilib.

Pfizer peyvəndinin son nəticələri ilə bağlı ətraflı məlumat yaymayıb və nəticələri müstəqil ekspertlər tərəfindən araşdırılmayıb.

Pfizer və peyvəndin hazırlanmasında onunla birlikdə işləyən Almaniyanın bio-texnologiya şirkəti BioNTech bu il dünya boyu 50 milyona qədər, 2021-ci ildə isə 1,3 milyarda qədər peyvənd istehsal etməyi planlaşdırdıqlarını bildirib.

Pfizer sınaq nəticələrini dünyanın digər tənzimləyici qurumlarına təqdim edəcəyini də deyib.

Bazar ertəsi ABŞ-da yerləşən Moderna şirkəti də bildirib ki, ilkin sınaqların sonuncu və üçüncü mərhələsində əldə edilmiş nəticələrə əsasən, hazırladığı eksperimental peyvənd yoluxucu xəstəliyə qarşı 94,5 faiz effektivdir.

Massaçusetsdə yerləşən əczaçılıq nəhəngi bu peyvəndi ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçıları ilə birgə hazırlayıb.

Bu, Moderna-nın hazırladığı COVID-19-a qarşı 90 faizdən çox effektivliyin əldə edildiyi ikinci eksperimental peyvənddir.

Moderna şirkətinin peyvəndi haqda bu xəbər həmçinin ABŞ-ın Johnson & Johnson şirkətinin COVID-19 peyvəndinin Britaniyada üçüncü və son mərhələsinin klinik sınaqlarına başladığı vaxta təsadüf edir.

Johnson & Johnson şirkəti tərəfindən hazırlanan daha bir koronavirus peyvəndinin hazırda Argentina, Braziliya, Meksika, Cənubi Afrika və ABŞ-da genişmiqyaslı 3-cü fazasının qlobal sınaqları həyata keçirilir.

Şərhlərə bax

XS
SM
MD
LG