Ümumdünya Səhiyyə Təşkilatı ölümcül koronavirus COVID-19-dan qorunmaq üçün peyvəndin 18 ay ərzində hazır olacağını bildirib. 400-dən çox elm adamı iki günlük toplantıda iştirak edir və faktiki olaraq ölümcül virusun qarşısını almaq yollarını sürətləndirmək üçün bir araşdırma strategiyası hazırlayır. Ən son hesabatlara əsasən təsdiqlənmiş yoluxma hallarının sayı 42.700-ü keçib, ölənlərin sayı isə 1100-ü ötüb. Bu, Çinin daxilindən gələn göstəricilərdir. Digər 391 yoluma halı isə başqa 24 ölkədə qeydə alınıb. Ölənlərin sayı isə birə bərabərdir.
ÜST rəhbəri Tedros Adhanom Qebreyesus alimlərin bu koronavirusla əlaqəli bir çox suallara dərhal cavab verə biləcəyini gözləmədiyini deyib. Lakin o, bu sürətlə yayılan xəstəliyi sona çatdırmaq üçün nə edilməsi lazım olduğuna dair araşdırma istiqamətinin veriləcəyini gözlədiyini açıqlayıb.
O, insanları virusdan qorumaq üçün peyvəndlər və terapevtik dərmanların hazırlanmasının və xəstə olanların müalicəsinin vacib olduğunu qeyd edir. Lakin o bildirir ki, virus dünyada amansız şəkildə yayılmaqda davam etdiyi üçün bu, vaxt alacaq.
"Ancaq bu vaxt biz müdafiəsiz deyilik. İndi əlimizdə olan və hazırda infeksiyaların qarşısını ala biləcək bir çox əsas səhiyyə müdaxiləsi var. Məsələn, ilk peyvənd 18 ay ərzində hazır ola bilər, buna görə bu gün bu virusla mübarizə üçün mövcud silahlardan istifadə edərək hər şeyi etməliyik" - deyə, o vurğulayıb.
Tedros deyir ki, ÜST ölkələrə virusun tez diaqnoz qoyması üçün laboratoriya imkanlarını gücləndirərək xəstəliyin mümkün başlanğıcına hazırlaşmağa kömək edir. Onun sözlərinə görə, minlərlə tibb işçisi xəstələrə necə müalicə etmək barədə təlim keçir, insanlar bir sıra sadə tədbirlərdən istifadə edərək özlərini qoruya bilərlər. Bunlara əlləri sabun və su ilə yumaq və öskürək, asqıran insanlardan uzaq durmaq daxildir.
O bildirir ki, ÜST və onun nəzdində bir neçə agentlik koronavirus üçün bir ad haqqında razılığa gəliblər. Bundan sonra o, COVID-19 adlanacaq.
"Biz coğrafi bir yerə, bir heyvana, bir insana və ya bir qrup insana aid olmayan və eyni zamanda tələffüz oluna bilən və xəstəliklə əlaqəli bir ad tapmalı olduq" - deyə, o qeyd edib.
Tedros millətləri ÜST-ün 675 milyon dollarlıq müraciətini dəstəkləməyə çağırır. O, bu pulun yoxsul ölkələrin təhlükəli virusu uzaq saxlamaları üçün zəif səhiyyə sistemlərini gücləndirmələri üçün lazım olduğunu vurğulayır.
Onun sözlərinə görə, yoluxma hallarını dayandırmaq üçün investisiyaya ehtiyac var. Virus daha zəif səhiyyə sistemlərinə hücum edərsə, bunun bütün dünyada təlaş yaradacağına dair xəbərdarlıq edir.