Accessibility links

Koronavirusa qarşı eksperimental peyvəndlərin insanlar üzərində sınaqları uğurla keçir


Koronavirusa 14,7 milyon təsdiqlənmiş yoluxma və COVİD-19 nəticəsində təxminən 610.000 ölüm halının qeydə alındığı vaxt tədqiqatçılar xəstəliyə qarşı təhlükəsiz və effektiv peyvənd hazırlamaq üçün irəliləyiş əldə etdiklərini bildirirlər.

İki fərqli eksperimental peyvənd - biri İngiltərənin Oksford Universiteti ilə İngiltərə-İsveç dərman istehsalçısı AstraZeneca, digəri isə Çinin biotexniki firması CanSino Biologics tərəfindən hazırlanmaqdadır. Britaniyanın Lancet tibb jurnalında bazar ertəsi nəşr olunan araşdırmalar göstərib ki, insanlar üzərində son mərhələdə keçirilən sınaqlarda güclü immun reaksiya müşahidə olunub.

Eyni zamanda, ABŞ dərman istehsalçısı Pfizer və Almaniyada tərəfdaş BioNTech şirkəti də bazar ertəsi vaksin tədqiqatlarında müsbət irəliləyiş olduğunu bildirib.

Oksford-AstraZeneca birgə tərəfdaşlığı nəticəsində hazırlanan peyvənd ən çox diqqətə səbəb olub. Şirkət bir sıra hökumətlərlə vaksinin təsirli olduğu və tənzimləmə təsdiqini aldığı təqdirdə onun tədarükü ilə bağlı müqavilələr imzalayıb. Şirkət artıq 2 milyard doza hazırlamağı öhdəsinə götürüb.

The New York Times qəzetinin məlumatına görə, dozalar İngiltərə, Braziliya və Cənubi Afrikadakı 10.000-dən çox könüllüyə tətbiq edilib. ABŞ-da isə 30.000 iştirakçı gələn həftə eksperimental peyvəndi qəbul etməyə başlayır.

Eyni zamanda, Braziliya Çinin Sinovac biofarma şirkətindən peyvənd gəldikdən bir gün sonra COVİD-19-a qarşı eksperimental vaksini könüllülər üzərində sınaqdan keçirməyə başlayacaq.

Sao Paulo ştatının rəhbərliyi Braziliyanın altı ştatındakı 12 araşdırma mərkəzinin 90 gün ərzində 9000 sınaq keçirəcəyini açıqlayıb.

XS
SM
MD
LG