Accessibility links

Koronavirusa yoluxanların sayı sürətlə artır, 191 nəfər yoluxub, 2 nəfər vəfat edib


Koronavirusa həftələr üzrə yoluxanların statistikası
Koronavirusa həftələr üzrə yoluxanların statistikası

Mayın 28-də Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1 681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılıb.

Statistik məlumatların təhlili göstərir ki, ölkədə karantin reimi yumşaldıldıqdan sonra koronavirusa yoluxma halı sürətlə artmaqdadır. Belə ki, mayın 27-də 165 nəfər infeksiyaya yoluxubsa, bu gün yeni yoluxanların sayı 191 olub. Bundan öncə isə ən çox yoluxanlar mayın 16-da olub, 158 nəfər.

Müşahudəçilər hesab edir ki, koronavirusa yoluxma hallarının sürətlə artmasına karantin rejiminin yumşaldılması ilə yanaşı, əsasən son günlər Rusiyadan, Türkiyədən Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi təkan verib.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

Bununla yanaşı, Azərbaycan hökuməti mayın 22-də sərhədlərin tədricən açılması və təyyarə uçuşlarının bərpası üçün proqram hazırladığını bəyan edib.

XS
SM
MD
LG