Accessibility links

Koronavirusa yoluxan ilk Rusiya vətəndaşı qeydə alınıb


Diamond Princess

Karantin altına alınan “Diamond Princess” kruiz gəmisində koronavirusa (COVID-19) yoluxan ilk Rusiya vətəndaşı qeydə alınıb.

Rusiyanın Yaponiyadakı səfirliyi öz Facebook səhifəsində bildirib ki, gəmidəki qadın xəstəxanaya köçürüləcək və müalicə olunacaq. Səfirlik qadının Rusiya, yoxsa Yaponiyada müalicə alacağı haqda məlumat verməyib.

Bununla da, dekabrda Çinin mərkəzi bölgəsində yayılmağa başlaya virusa kruiz gəmisində yoluxanların sayı 454-ə çatıb. Qlobal olaraq virusa yoluxanların sayı 71,000-dən çoxdur. Virus xəstəliyin episentri olan Çində 1770 və digər ölkələrdə 5 insanın həyatına son qoyub. Çinin 60 milyondan çox əhalisi olan Hubey vilayəti karantinə alınıb.

Yanvar ayında Rusiyada iki Çin vətəndaşının koronavirusa yoluxma halı qeydə alınıb. Onlar xəstəxanaya yerləşdirildikən sonra sağalıb.

Koronavirus yayılmaya başlayandan bəri Rusiya hökuməti Çinə hava nəqliyyatının böyük hissəsini dayandırıb. Rusiyanın Çin və Şimali Koreya sərhədlərindən keçən bütün qatarların hərəkəti dayandırılıb və Rusiyanın Çin və Monqolustan ilə quru sərhədi bağlanıb.

Moskva Çin vətəndaşlarına iş vizaları verməyi müvəqqəti dayandırıb. Çin Yeni ili münasibəti ilə Çinə gedən tələbələrdən Rusiya universitetlərində təhsilini mart ayına qədər dayandırmalarını istəyib.

Baş nazir Mixail Mişustinin sözlərinə görə, Rusiya virusa yoluxmuş xarici vətəndaşların deportasiyasına başlaya bilər.

XS
SM
MD
LG