Accessibility links

Koronavirusa yoluxanların sayı 4500-ü keçib


ABŞ, Yaponiya və digər ölkələr artıq 106 nəfərin ölümünə səbəb olan qlobal koronavirus epidemiyasının mərkəzi olan Çinin Uhan şəhərindən vətəndaşlarını təxliyyə etmək üçün oraya təyyarələr göndərib.

Yaponiya yanvarın 28-də şəhərdəki 650 yapon vətəndaşından 200 nəfərini təxliyyə etmək üçün Uhana təyyarə göndərib. Birləşmiş Ştatlar bu həftə bəzi Amerika vətəndaşları ilə birlikdə Uhandakı konsulluğunun heyətini şəhərdən çıxarmağa hazırlaşır. Fransa və digər ölkələr də vətəndaşlarını Uhandan çıxarmaq planlarını açıqlayıblar.

Çin səhiyyə orqanları yanvarın 28-də paytaxt Pekində ilk ölüm hadisəsi də daxil olmaqla, əlavə 25 nəfərin öldüyünü elan edib. Çində təsdiqlənmiş virusa yoluxma halların ümumi sayı hazırda 4500-dən çoxdur. Hökumət Uhanda virtual karantin tətbiq edərək, insanların şəhərə girişi və çıxışını qadağan edib. Hubey əyalətindəki digər şəhərlərdə hərəkətdə ciddi məhdudiyyətlər var. Uhan hökuməti sayı artan xəstələri müalicə etmək üçün iki yeni sahə xəstəxanası tikir.

Yoluxma hallarının olduğu ölkələr siyahısına Almaniya və Şri-Lanka da əlavə olunub.

Beləliklə, yoluxma halları Avstraliya, Kanada, Almaniya, Fransa, Şri-Lanka, Honq Konq, Yaponiya, Makao, Malayziya, Nepal, Portuqaliya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tailand, ABŞ və Vyetnamda da qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxanların əksəriyyəti ya Uhana səyahət etmiş və ya da onlarla təmasda olan insanlardır.

XS
SM
MD
LG