Accessibility links

Koronavirusa yoluxanların sayı artır - 338 nəfər yoluxub, 4 nəfər vəfat edib


Koronavirus
Koronavirus

İyunun 5-də Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1940, 1957, 1957 və 1972-cü il təvəllüdlü 4 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 6,860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3,871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2,907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328,385 test aparılıb.

Rusiya-Azərbaycan sərhədində qalan 6 nəfər koronavirusa yoluxub

Bununla yanaşı, Azərbaycana Rusiyadan gəlmək istəyən vətəndaşlar arasında da koronavirusa yoluxma halları aşkarlandığı bildirilir.

RİA agentliyi Dərbənd Mərkəzi Xəstəxanasının baş həkimi Abdulqafar Şıxməhəmmədova istinadən bildirir ki, Rusiyanın Dağıstan Respublikasında Azərbaycan keçməyi gözləyən altı azərbaycanlıda COVİD-19 aşkarlanıb.

Dərbənd Şəhər Mərkəzi Xəstəxanasından bildiriblər ki, yoluxmuş şəxslər ixtisaslaşdırılmış hospitala köçürülüb.

“Yoluxmuş şəxslərin müalicəsi üçün bütün zəruri addımlar atılır. Yalnız müalicə olunduqdan sonra onlar Azərbaycana qayıda bilər,” Abdulqafar Şıxməhəmmədov agentliyə bildirib.

Rusiya rəsmilərinin bildirdiyinə görə, hazırda Rusiya-Azərbaycan sərhədində sərhədlər bağlanmadan öncə ölkəyə qayıda bilməyən 400-ə yaxın Azərbaycan vətəndaşı var.

Rusiya mediasının yazdığına görə, yüzlərlə insan orada ağır məişət və sanitar şəraitində yaşayır. Onların bir hissəsi Rusiya tərəfindən salınmış 15 çadıra yerləşdirilib.

Azərbaycan hakimiyyəti isə vətəndaşlarını 100-150 nəfərlik qrup şəklində ölkəyə buraxır.

Sərhəddəki vəziyyət Rusiya və Azərbaycan prezidentləri və xarici işlər nazirləri arasında telefon danışığının da mövzusu olub.

Karantin rejimi sərtləşdirilib

İyunun 4-də Azərbaycan Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

Qərara əsasən adları çəkilən ərazilərdə (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyunda Bakı vaxtı ilə saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

Baş Nazir Əsədov dövlət televiziyası ilə çıxışında deyib ki, həftəsonu qadağaların iyunun 13, 14 və 15-də də tətbiq olunması nəzərdə tutulur.

O, hesab edir ki, xüsusi karantin qaydalarının yumşaldılmasından sonra əhali tələbləri daha çox pozub: “Ona görə də virusa yoluxanların sayında ciddi artım oldu."

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artaraq iyunun 3-də ən yüksək həddə, 325 nəfərə çatıb, 5 nəfər vəfat edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə bir xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

XS
SM
MD
LG