Accessibility links

Koronavirusa yoluxanların sayı son günlər iki dəfəyədək artıb


Koronavirus

Mayın 5-də Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkədə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164 481 test aparılıb.

Son məlumatların təhlili göstərir ki, son 3 gündə yoluxma halları iki dəfəyədək artıb. Belə ki, mayın 3-də infeksiyaya 38 nəfər yoluxubsa, bu rəqəm mayın 4-də 52 olub. Bu gün isə 76 nəfərdə koronavirus aşkarlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, situasiya belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

“Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir,” o qeyd edib.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 31-dək davam edəcək.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 27-dən karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

Mayın 4-dən isə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG