Accessibility links

Koronavirusa yoluxma artmaqdadır, bu gün 127 nəfər yoluxub, 3 nəfər vəfat edib


Koronavirusa günlər üzrə yoluxma diaqramı

Mayın 23-də Azərbaycanda 127 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948, 1952 və 1982-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 3 982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 265 067 test aparılıb.

Rəsmi məlumatların təhlili göstərir ki, karantin rejimi yumşaldıqdan sonra infeksiyaya yoluxma halı sürətlə artmaqda davam edir. Son on gündə (mayın 13-dən) 1227 yeni yoluxma halı qeydə alınıb. Ölkədə koronavirusa ümumilikdə ən çox yoluxma halı mayın 16-da qeydə alınıb, 156 nəfər.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

Azərbaycan hökuməti mayın 22-də sərhədlərin tədricən açılması və təyyarə uçuşlarının bərpası üçün proqram hazırladığını bəyan edib.

Şərhlərə bax

XS
SM
MD
LG