Koronavirusla bağlı yanlış məlumat yayan 10 nəfər həbs edilib, 18 nəfər cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik Baş İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev deyib.
Onun sözlərinə görə, 127 nəfərə xəbərdarlıq edilib.
Bundan əlavə Əziz Baqişev bildirib ki, vətəndaşların qoruyucu vasitələrdən istifadə etməsi karantin rejiminin əsas tələblərindən biridir və hər kəs buna əməl etməlidir.
Rəis müavini deyib ki, xidməti vəzifələrini icra edən polislər də vətəndaşlara yaxınlaşaraq, onlardan qoruyucu vasitələrdən istifadə olunmasını tələb edirlər:
“Çatışmazlıq da nəzərə alınır, vətəndaşlardan qoruyucu vasitələrdən istifadə etməsi tələb olunur.”
Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.
Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.
Bu vaxta qədər ümumilikdə Azərbaycanda 400 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 26 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir.