Accessibility links

Korrupsiyaya qarşı “mübarizə aparanın” biznes imperiyası


bribe

OCCRP Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavininin biznes əlaqələrini araşdırıb

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycanda 2,9 milyard dollar həcmində olan korrupsiya əməliyyatının növbəti detalı barədə araşdırma paylaşıb (Bu sayta artıq Bakıda daxil olmaq mümkün deyil).

Layihənin saytında dərc edilən araşdırmada söhbət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin biznes imperiyasından gedir. Məqaləni təqdim edirik:

“Antikorrupsiya”nın rəis müavini böyük korrupsiya içində

59 yaşlı Əli Nağıyev məşğul adamdır. Onun vəzifəsi dünyanın ən çox korrupsiyalaşmış ölkələrindən biri olan Azərbaycanda korrupsiya ilə mübarizə aparmaqdır.

Əli Nağıyev
Əli Nağıyev

Əli Nağıyev Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini olaraq dövlət rəsmilərinin varlanmaq məqsədilə vəzifələrindən müxtəlif sui-istifadə hallarını araşdırmalıdır. Bu mənada o, Azərbaycan hakimiyyəti ilə bağlı çirkli pulların yuyulması barədə üzə çıxarılan materiallara görə ölkənin hüquq-mühafizə orqanlarında cavab verməli olan əsas fiqurdur. Amma bir problem var.

Məsələ burasındadır ki, Əli Nağıyevin özü də maliyyə fırıldaqlarında iştirakçı kimi görünür. Həm də oğlanları və qardaşı oğlu Nağı ilə birlikdə.

Bakıdan Vircin adalarına qədər

Nağıyevlər biznes maraqları Bakıdan Böyük Britaniyanın Vircin adalarına qədər uzanan, Çexiya və Türkiyədə çox milyonluq aktivləri olan varlı beynəlxalq oyunçuya çevrilmiş ailədir. Bu ailənin əlindəki pulların mənbəyi ilk baxışda aydın olmur. Axı onlar biznes baronlarına çevrilmədən öncə dövlət işlərində çalışıblar.

Əli Nağıyevin oğlanları İlqar (28 yaş) və İlham (29 yaş) Praqada “AME Holding” adlı kompaniyaya rəhbərlik ediblər. Bu holdinq Azərbaycan hakim elitası üçün cəlbediciliyi ilə məşhur olan Çexiya Respublikasına daşınmaz əmlak sahəsində böyük investisiyalar yatırıb.

Hazırda bu holdinq Vircin adalarında qeydiyyatdan keçmiş və yeganə səhmdarı İlham Nağıyev olan “Nettle Stone Investments Ltd” şirkətinə məxsusdur.

“Pulyuyan”dan 350 min dollar şəxsi qazanc

Azərbaycanın “pulyuyan maşınında” bu şirkət “AME Holding” adı ilə görünür. Bank sənədlərindən belə bəlli olur ki, “AME Holding” 2013-cü ilin iyul və avqust aylarında “Metastar Invest” şirkətindən 1.25 milyon dollar alıb. Köçürmənin məqsədi kimi “tikinti texnikası” göstərilib. Hərçənd aydın deyil ki, Çexiyadakı holdinq Britaniya şirkətinə tikinti texnikasını nə üçün satmalıdır.

Bundan başqa, Əli Nağıyev və onun 2 oğlu, həmçinin qardaşı Vəli Nağıyevin oğlu Nağı “pulyuyan maşın” hesabına şəxsən 350 min dollar qazanıblar. Bank sənədlərində bu köçürmələrin böyük hissəsinin məqsədi göstərilməyib. İki köçürmənin sənədlərində isə məqsəd sadəcə “komputerlər” deyə göstərilir.

Nağıyevin jurnalistləri satın almaq cəhdi

Nə Əli Nağıyev, nə də onun qardaşı Vəli deyilənləri şərh etmək istəyib. Baş Prokurorluğun nümayəndəsi isə Əli Nağıyevi korrupsiyaya qarşı qətiyyətli mübariz kimi təqdim edib.

OCCRP-in jurnalistləri bu məqalədə göstərilən faktlarla bağlı Əli Nağıyevdən şərh almaq istəyəndən sonra onlara azərbaycanlı jurnalistlərdən biri müraciət edib və məqaləni necə dayandırmağın mümkünlüyünü müzakirə etmək üçün görüş istəyib. O bunu Nağıyevin xahişi ilə etdiyini deyib.

Böyük planlar, böyük investisiyalar

Çexiyada İlham və İlqar Nağıyevlər daşınmaz əmlak və tikinti imperiyasına nəzarət edir. Bu imperiya kurort ərazilərdə otellərin tikintisi və daşınmaz əmlak layihələri ilə məşğuldur. Nağıyev qardaşları və onların biznes partnyorları Praqaya və kurort şəhəri olan Marinask Lazneyə böyük vəsit yatırıblar. Marinask Lazne özünün unikal və yaxşı qorunmuş tarixi arxitekturasına görə YUNESKO-nun ümumdünya irsi siyahısına düşə bilər və Nağıyevlər buradakı Palace Evropa otelinin Vichy Celestines brendi altında yenidən qurulmasına 50 milyon avro (59 milyon dollar) xərcləməyə hazırlaşır.

Ofşor
Ofşor

Nağıyevlər bu iddialı layihələri üçün “AME Holding” vasitəsilə bütöv bir kvartalı alıblar. Onların Fransa şirkətilə əməkdaşlıq çərçivəsində yaradacaqları “Vichy Célestins Spa Hotel” adlı beşulduzlu otel təxminən 10 binadan ibarət olmalıdır. Nağıyev qardaşlarının Praqa və Marinask Lazne şəhərlərində otel və binalara qoyulmuş 46 milyon dollar məbləğində başqa investisiyası da var.

Çexiyada Nağıyevlərlə kimlər yarışır?

Çexiyanın bu 2 şəhərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Azərbaycan Dəmir Yolları QSC-nin direktor müavini Vüsal Aslanov, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənov da var.

Nağıyev qardaşlarının biznes maraqlarını isə Çexiyada Eltay Dilbazi adlı Azərbaycan vətəndaşı qoruyur. Nağıyevlərə məxsus “AME Holding”in icraçı direktoru da odur. O, məqalədə deyilənlərlə bağlı şərh verməkdən imtina edib.

“Nağıyev İmperiyasının” meneceri

İlqar Nağıyev “Imperial Holding” adlı daşınmaz əmlak şirkəti ilə yanaşı Çexiyada “JGY Czech” şirkətinə də rəhbərlik edir. Praqanın mərkəzində, İqtisad Universitetinin lap yaxınlığında yerləşən bina bu şirkətə məxsusdur. Binanın birinci mərtəbəsində Costa kafelər şəbəkəsinin filialı yerləşir. Qalan hissə isə tələbələr üçün mənzillərdən ibarətdir.

Nağıyevlər ailəsi həmçinin “Panorama VVM” şirkəti ilə əlaqəlidir. Bu şirkət Azərbaycan vətəndaşı Pərviz Məmmədova məxsusdur. Pərviz Məmmədov “Nağıyev İmperiyasının” Azərbaycan və Çexiyadakı şirkətlərinin meneceridir. O, rəsmən “AME Holding”in maliyyə işləri üzrə vitse-prezidentidir. “Panorama” şirkəti də Mariansk Lazne kurort şəhərində otel və başqa gəlirli binaları almaqla məşğuldur. Şirkətin dəyəri təxminən 2 milyon dollar civarında qiymətləndirilir.

Bir evdə bir neçə şirkət

Həm “AME Holding”, həm də “Nettle Stone Investment” şirkətlərinin hüquqi ünvanı Bakıdakı eyni ünvandır – Əli Nağıyevin seçici kimi qeydiyyatda olduğu ünvan.

İlham və İlqar Nağıyev qardaşları həm də “Yankovçov18” kompaniyasının idarə heyətinin üzvləridir. Kompaniyanı bir qrup italiyalı investor yaradıb və onun dəyəri 2.4 milyon dollardır.

İlqar Nağıyev eyni zamanda “FQA Czech” şirkətinin direktorudur. Şirkət ofşor müəssisələr üzərindən daşınmaz əmlak satmalqa məşğuldur. Çexiyada 2013-cü ildə yaradılan bu şirkətin kapitalı 500 000 dollardan artıqdır.

Nağıyevlərin Bakı imperiyası

İlqar Nağıyev həm də Bakıda 2008-ci ildə qeydiyyatdan keçmiş “Romb LLC” adlı şirkətin direktorudur. Qeydiyyat zamanı şirkətin təsisçisi və direktoru Orxan Nağıyev olub. Orxan Nağıyevin kimliyini və şirkət barədə bundan artığını öyrənmək mümkün olmayıb.

Lakin məlumdur ki, Orxan Nağıyev azı 4 başqa şirkətin də direktoru və sahibidir. Bunlar 4-ü də eyni ünvanda qeydiyyatda olan “ER & ER Group-A LLC”; “Etalon NM” (“Romb LLC” ilə eyni gündə təsis olunub); Bakı Alüminium Sənayə MMC və “Life Style” sağlamlıq mərkəzidir.

Nağıyevlərin Bakıdakı başqa müəssisələrini də Orxan Nağıyev idarə edir.

Bakının Nərimanov rayonundakı 17 mərtəbəli binada nəhəng işarə parlayır – “Life centre”. Bina həm də Nağıyevlər ailəsinin üzvləri və kompaniyalarının hüquqi ünvanıdır. Əli Nağıyevin qardaşı, 2015-ci ildə Dövlət Miqrasiya Xidmətinə rəis müavini təyin edilmiş, amma qanunun tələblərinə zidd olaraq, bu təyinatdan sonra da sahibkarlıq fəaliyyətini dayandırmayan Vəli Nağıyevə məxsus müəssisə də bu binada yerləşir. Onun şirkəti Türkiyə, Çexiya və Azərbaycanda tikinti və turizm sektorunda çoxmilyonluq layihələrə malikdir.

XS
SM
MD
LG