Accessibility links

AŞPA korrupsiya ittihamını araşdıracaq (Yenilənib)


Avropa Şurası
Avropa Şurası

Aprelin 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu AŞPA-da korrupsiyanın araşdırılması üzrə orqanın səlahiyyətlər dairəsini təsdiq edib.

Turan agentliyinin məlumatına görə, büro AŞPA Baş Katibinə araşdırma missiyası ilə əməkdaşlıq edə biləcək müvafiq müəssisələrə və vəzifəli şəxslərə məlumat verməyi tapşırıb.

Araşdırma orqanının tərkibi haqqında təkliflər Büronun gələn iclasında irəli sürüləcək.

Korrupsiya faktları arasında Azərbaycan nümayəndələrinin italiyalı deputat Luka Volonteyə rəsmi Bakının maraqlarını təmsil etmək üçün 2,9 mln. avro verməsi haqqında qalmaqal da var.

“Caviargate” kimi tanınan qalmaqal KİV-in 2013-cü ilin yanvarında AŞPA-nın bəzi üzvlərinin və ya keçmiş üzvlərinin Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin əleyhinə səs vermək üçün Azərbaycan hökuməti tərəfindən “satın alındığı” haqqında məlumatları ilə əlaqədar yaranıb.

Nəticədə məruzə qəbul edilməyib, bəzi parlamentarilər isə buna görə imtiyazlar və mənbəyi bəlli olmayan gəlirlər əldə ediblər. Söhbət pullardan, bahalı xalçalardan, Bakıya pulsuz səfərlərdən, təmtəraqlı otellərdə qalmaqdan və s. gedir.

Yanvarda 60-dan çox AŞPA deputatı bu məsələ ilə bağlı müstəqil araşdırma aparmağı tələb edib. Transparency İnternational QHT də bu ittihamları araşdırmaq tələbi ilə Avropa Şurasına açıq müraciət göndərib.

Yaxın günlərdə İtaliyada keçmiş AŞPA vitse-prezidenti Luka Volonte də məhkəmə qarşısına çıxarılacaq. Onun Azərbaycan hakimiyyətinin nümayəndələrindən 2,9 mln. avro aldığı iddia olunur.

Suriyaya səfərinə və Dəməşqdə Bəşər Əsədlə görüşünə görə istefaya getmək məcburiyyətində qala biləcək hazırki AŞPA prezidenti, ispaniyalı Pedro Aqramuntun rolu da AŞPA-nın araşdırma missiyası tərəfindən təhqiq oluna bilər.

Almaniyanın “Avropa Sabitlik Təşəbbüsü” QHT-nin məlumatına görə, Aqramunt Azərbaycanda seçkilər zamanı ardıcıl olaraq Bakıdakı rejimi müdafiə edib.

Məhz Aqramunt uzun müddət “Caviargate” qalmaqalı ilə bağlı araşdırmaların həyata keçirilməsini ləngidib.

“Bu məlum olduqda mən şok olmuşdum”, keçmiş AŞPA prezidenti Enn Brasser öz xələfinin davranışını belə şərh edib.

XS
SM
MD
LG