Accessibility links

Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov yenidən saxlanılıb


Ivan Jdanov

Korrupsiyaya Qarşı Mübarizə Fondunun (KMF) direktoru İvan Jdanov on günlük həbsdən sonra istintaq təcridxanasından çıxarkən saxlanılıb. Bu barədə onun həmkarı Boris Zolotarevski açıqlama verib. Saxlanmanın səbəbi göstərilmir.

Dekabrın 6-da KMF rəhbəri ictimai tədbirlərin keçirilməsi qaydalarını pozmaqda ittiham olunaraq, 10 sutka həbs edildi. Polisin məlumatına görə, Jdanov iyulun 14-də Moskva Şəhər Seçki Komissiyasının binası yaxınlığında mitinq təşkil edib.

İyulun ortalarında Moskvada etiraz aksiyaları keçirilib. Buna səbəb Moskva Şəhər Seçki Komissiyasının Moskva Şəhər Duması seçkilərində hakim partiyadan olmayan ondan çox müstəqil namizədin, o cümlədən Dmitri Qudkov, İlya Yaşin, KMF işçiləri Lyubov Sobol, İvan Jdanov, Konstantin Jankauskasın seçkilərə buraxılmaması idi. Moskva Şəhər Seçki Komissiyası digər qayda pozuntuları ilə yanaşı, qrafoloji ekspertizaya istinad edərək, namizədlərin təqdim etdiyi imzaların çoxunun saxta olaraq tanınmasını bildirmişdi.

Kütləvi etirazlardan sonra İstintaq Komitəsi "Moskva işi" kimi tanınan iş açdı. İstintaq və Moskva hakimiyyəti etiraz aksiyaları zamanı iğtişaşların baş verdiyini sübut etməyə çalışıb və onlarla adamın iştirakı və ya polisə hücumu ilə bağlı cinayət işləri açıb.

Qeyri-kommersiya təşkilatı olan "Korrupsiyaya Qarşı Mübarizə Fondu" 2011-ci ildə müxalif siyasətçi Aleksey Navalnı tərəfindən yaradılıb. Fond Navalnının bütün layihələrini birləşdirir və Rusiya rəsmiləri və dövlət şirkətləri rəhbərləri arasında korrupsiya halarını araşdırır. Araşdırmaların qəhrəmanları bunlar olub:

Baş nazir Dmitri Medvedev

Prezidentin müşaviri İqor Şuvalov

Müdafiə naziri Sergey Şoyqu

Prezident Putinin mətbuat katibi Dmitri Peskov

2019-cu ilin avqust ayının əvvəlində Rusiya Federasiyasının İstintaq Komitəsi Korrupsiyaya Qarşı Mübarizə Fondu işçilərini çirkli pulların yuyulmasında ittiham edərək onlara qarşı cinayət işi açıb. Müstəntiqlər iddia edir ki, 2016-cı ildən 2018-ci ilin sonuna qədər KMF əməkdaşları "açıq şəkildə cinayət yolu ilə əldə etdikləri rubl və xarici valyutada külli miqdarda pul" yuyublar.

Oktyabrın əvvəlində Ədliyyə Nazirliyi 2019-cu ilin oktyabr ayında Korrupsiyaya Qarşı Mübarizə Fondunda xaricdən köçürülən 140 min rubl tapıb və fondu dərhal "xarici agentlər" siyahısına daxil edbi. Ədliyyə Departamentinin saytında bu köçürmələrin mənbələri kimi ABŞ-dan Star-Doors.com və İspaniyadan Roberto Fabio Monda Kardenas şirkətləri göstərilib. Nazirliyin nümayəndələrinin sözlərinə görə, bu pulla KMF Moskvada etiraz mitinqləri təşkili və "Rusiya Federasiyasının dövlət orqanlarına təsir göstərməyə" cəhdlər edib.

XS
SM
MD
LG