“Vesti Krım” televiziya kanalı oktyabrın 17-də Krımın Kerç şəhərindəki kollecin tələbələrinə silahlı hücumun video görüntülərini yayıb.
Bu görüntüləri məktəbin müşahidə kameraları qeydə alıb.
AzadlıqRadiosu Rusiya xidmətinin oktyabrın 21-də yaydığı məlumata görə, videolarda üzərinə “nifrət” kəlməsi yazılmış köynəkdə olan çantalı gəncin, məktəbin binasına necə daxil olması, partlayış törətməsi və insanları atəşə tutması görünür.
İstintaqın versiyasına görə, bu cinayəti kollecin 18 yaşlı tələbəsi Vladislav Roslyakov törədib.
O, bu hücumda əldədüzəltmə bomba və qanuni yolla alınmış odlu silahdan istifadə edib.
Həmin hücum nəticəsində 21 nəfər ölüb, 40-dan çox adamsa yaralanıb.
Roslyakov hücumdan sonra özünü də öldürüb.
İstintaq komitəsi ictimai yerdə qətl maddəsi ilə cinayət işi açıb.
Qeyd edək ki, Kerç şəhəri Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında, yarımadanı Rusiya ilə birləşdirən körpünün ucunda yerləşir.