Accessibility links

Bağ evi tikintisi üçün 8 milyon 588 min manat kredit götürən şəxs həbs edilib


"Harvest" MMC-nin təsisçisi və direktoru Emin Quliyev "Bank Standard" QSC Kommersiya Bankının 3 milyon 91 min manat kredit vəsaitini təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləyib. Bu qanunsuzluq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma zamanı aşkarlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bu məsələdə E.Quliyevin tək olmadığını, bankın keçmiş sədri Səlim Krimanla əlbir olduğunu bildirir və hətta iddia edilir ki, adı çəkilən şirkət məhz elə saxta əməliyyatlar aparlılması məqsədilə yaradılıb.

Açıqlamada deyilir ki. E.Quliyev S.Krimanla qabaqcadan əlbir olmaqla onun göstərişi əsasında "Azərkarton" adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin başa çatdırılması təyinatı adı altında bir neçə müqavilə ilə bu krediti götürüblər.

"E.Quliyev S.Krimanla cinayətkar əlaqələrini davam etdirərək öz adına hər hansı bir girov qoyulmadan bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsini rəsmiləşdirib və həmin məbləği S.Krimanla öz aralarında bölüb.

Sənəddə deyilir ki, E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırması davam edir.

Xatırladaq ki, elə bu gün "Bank Standart" QSC-dən kredit götürülməsilə bağlı "Çudo Peçka" şirkətinin başçısı Çingiz Cəlilovun barəsində də həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG