Accessibility links

Qubad İbadoğlu: Kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib


Bank

İqtisad elmləri doktoru Qubad İbadoğlu ölkədə vaxtı keçmiş kreditlərin yaradacağı problemlərdən yazıb. Onun facebook səhifəsində dərc etdiyi məqaləni təıqdim edirik:

Vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib.

Təxirəsalınmaz tədbirlər görülməzsə bu problem daha da “yoğunlaşaraq” nəinki maliyyə bazarlarını sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.

Borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir.

Hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-nə olan məlumata görə, onların müştərilərinin sayı 5 milyon 720 min 291-dir. Bu müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı vardır. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötərək cəmi kredit qoyuluşunda 15 faizə çatıb. Yeri gəlmişkən bu o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir və onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında "rüşvətlə çözülür".

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Bu isə artıq o deməkdir ki, vaxtı keçmiş kreditlər üzrə bocların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir. Çünki, daxili istifadə üçün nəzərdə tutulan hesabatlara görə, bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır.

Bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır.

Beləliklə də bir tərəfdən ölkədə işgüzar fəaliyyət mühitinin olmaması, banklara inamın itməsi ucbatından azalan kredit qoyuluşları (bankların cari ilin sentyabrın 1-ə olan toplam kredit qoyuluşları ötən ilin eyni dövrünə nisbətən 26,5 faiz azalıb), digər tərəfdən isə könüllü geri qayitmayan borcların məcburi alınmasına görə yaranan əlavə xərclər və zərərlər əksər bankların maliyyə durumunu pisləşdirib.

İndiki şərtlərlə onlar hətta kredit faizlərini aşağı salmaqla da böhrandan çıxa bilmirlər. Bu ilin 8 ayında banklar maliyyə fəaliyyətlərini 350 milyon manat xalis mənfəətlə başa vursalar da bu göstəricinin də tendensiyası neqativdir. Belə ki, bu ilki xalis mənfəətin orta aylıq səviyyəsi (43,75 milyon manat) ötən ilin eyni göstəricisindən (139 milyon manat ) 3,17 dəfə azdır. Bu il ərzində bankların xalis mənfəət göstəricisinin sürətli aşağı düşməsini şərtləndirən başlıca amil onların əsasən xalis faiz gəlirlərindən formalaşan mənfəətinin azalmasıdır. Buna baxmayaraq hələ də bankların xalis faiz gəlirləri qeyri-faiz gəlirlərini üstələyir. Bu isə mənfəəti əsasən faiz gəlirlərindən formalaşan banklar üçün daha tutqun perspektiv yaradır.

Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası təxirəsalınmaz tədbirlərə əl atmalı, bank bazarını liberallaşdırılmalı, bank kapitalının konsolidasiyası siyasətini davam etdirməli, qaytarılmayan borcları geri almaqla və ya onların satış bazarını formalaşdırmaqla bankları və müştəriləri hazırkı çətin durumdan çıxartmalıdır.

Parlament isə öz növbəsində bu problemin həlli üçün hüquqi əsas yaratmalı, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməlidir. Əks təqdirdə borc problemi daha da “yoğunlaşaraq” nəinki bankları və qeyri-bank institutlarını, bütövlükdə maliyyə bazarlarını sıradan çıxarıb, onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.

Rəsmi qurumlar ekspertin məqaləsinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG