Kreml Barens dənizində submarində baş vermis yanğınla bağlı detalların gizli məlumatları ehtiva etdiyinə görə açıqlanmayacağını bildirib.
Sualtı qayığın növü dəqiqləşdirilməyib və hadisənin təfərrüatları ilə bağlı gəminin Rusiyanın su hövzəsində olduğundan başqa çox az məlumat verilir.
Sualtı tədqiqat qayığında yanğının iyulun 1-də baş verdiyi bildirilir. Yanğın nəticəsində 14 dənizçi həlak olub.
Bu, 2000-ci ildə Kursk atom submarininin Barens dənizində batması səbəbi ilə bütün 118 ekipaj üzvünün həlak olduğu qəzadan sonra Rusiyanın hərbi dəniz qüvvələrinin submarinlərində ən çox ölümlə nəticələnən hadisədir.
Rusiyanın RBK tele-kanalı hərbi qüvvələrdə adının açıqlanmadığı bir mənbəyə istinadən submarinin nüvə mühərrikinə malik olduğu haqda məlumat verib.
Norveç rəsmiləri Barens dənizində insidentin baş verdiyi ərazinin monitorinqinin keçirildiyini, lakin yüksək səviyyədə radiasiyanın qeydə alınmadığını bildiriblər.
Rusiya prezidenti Vladimir Putin sualtı qayıqda baş vermis qəzanı müzakirə etmək üçün müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
İnsidentdən sonra iyulun 3-ü Severomorsk şəhərini ziyarət edən Sergey Şoyqu gəminin həlak olmuş ekipajının qəhrəmanlığını qeyd edib.
O, hadisə qurbanlarına ölümündən sonra dövlət mükafatı veriləcəyini, onların ailələrinə lazımi dəstək göstəriləcəyini bildirib.
Murmansk şəhərinin sakinləri çərşənbə günü sualtı qayıqda qəza nəticəsində həlak olmuş Rusiya dənizçilərinin xatirəsini anmaq üçün sahilə gül dəstələri gətirib və şamlar yandırıblar.