Accessibility links

Kreml Tramp və Putin arasında zirvə görüşünün baş tutacağını bildirib


Kreml rəsmiləri Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünün üçüncü ölkədə keçirilməsinə dair razılığın əldə edildiyini bildiriblər.

Bu açıqlama ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskvada Putin və Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar apardığı vaxt verilib.

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov deyib ki, Tramp-Putin zirvə görüşünün detalları cümə axşamı günü elan ediləcək.

Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşür, 27 iyun, 2018.
Rusiya prezidenti Vladimir Putin Moskvada ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşür, 27 iyun, 2018.

Zirvə görüşünün Trampın iyulun 11-i və 12-i NATO sammitində iştirakı və Britaniyaya səfərindən sonra keçiriləcəyi gözlənilir. Vyana və Helsinki sammit üçün nəzərdən keçirilən şəhərlər arasındadır.

Bu gün bundan öncə Putin Boltona deyib ki, onun Moskvaya səfəri Rusiya və ABŞ arasında münasibətlərin bərpası üçün şansları artırıb.

Putin iki ölkə arasında münasibətlərin “yaxşı səviyyədə olmadığını” deyib.

Kremlin sözçüsü Dmitri Peskov müxbirlərə iki ölkə arasında münasibətlərin “pis durumu”, eləcə də bir sıra beynəlxalq məsələlərin görüş zamanı müzakirə edildiyini bildirib.

Bolton Moskvaya bir günlük səfərinin Putin və Tramp arasında ilk sammitin təməlini qoyacağına ümid bəslədiyini deyib.

Tramp və Putin arasında beynəlxalq sammitlər çərçivəsində iki görüş baş tutub. İki lider bir neçə dəfə telefon söhbəti aparıb.

Vaşinqton və Moskva arasında münasibətlərdə Rusiyanın Suriya münaqişəsində rolu və Britaniyada keçmiş rus casusun zəhərlənməsində Moskva ilə bağlı şübhələrlə əlaqədar gərginlik artıb.

İki ölkə arasında münasibətlər bundan öncə Rusiyanın Krımı işğal etməsi və Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı artıq gərgin xarakter almışdı.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG