Accessibility links

Kristofer Smit: “Azərbaycan Demokratiya Aktı”nın məqsədi cinayət törətməyən insanları həbsdən azad etdirməkdir


Konqresmen Luiza Sloter (Nyu-Yorkdan demokrat) vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyanın tətbiqini nəzərdə tutan qanun layihəsinə qoşulan ilk konqres üzvüdür. Bu barədə Turan agentliyi məlumat yayıb.

“Azərbaycan Demokratiya Aktı” adlı qanun layihəsini (H.R.4264) ötən ilin sonlarında nüfuzlu konqresmen və Helsinki Komissiyasının rəhbəri Kristofer Smit irəli sürüb.

Bakıda bu qanun layihəsi “erməniyönümlü” adlandırılıb və Smitin 1915-ci il “erməni soyqırımı”nın tanınmasının lehinə çıxış etdiyi xatırladılıb.

Lakin L.Sloteri ermənipərəst mövqedə ittiham etmək çətindir, çünki o, hər zaman Azərbaycanı dəstəkləyib.

K.Smit Bakıda onun ünvanına səslənən ittihamları şərh edib:

“Azərbaycan Demokratiya Aktı”nın ermənilərlə heç bir əlaqəsi yoxdur. Sənəddə Azərbaycanda insan haqlarından danışılır”, - o, fevralın 11-də Konqresin Helsinki Komissiyasının iclasında bildirib.

“Xədicə İsmayılova kimi jurnaıistlər də daxil olmaqla, bir çox insan öz araşdırmalarına görə həbs olunanda biz “Azərbaycan Demokratiya Aktı” kimi sənədləri qəbul edirik.

Ölkə parlamenti və Əliyev hökumətinin buna reaksiyası düşüncəsizliyin təzahürüdür, çünki onlar tamamilə həqiqətə uyğun olmayan fikirlər söylədilər. Əsasən bildirdilər ki, bu aktı ermənilər mənə sifariş ediblər.

Ermənilərin buna heç bir aidiyyatı yoxdur, bundan əlavə, bu qanun layihəsinin hazırlanmasından onların xəbəri olmayıb. Odur ki, parlamentdə (Azərbaycan), hökumətyönümlü KİV və prezidentin mətbuat katibinin bu cür şeylər danışdığını eşidəndə düşünürəm ki, görəsən, başqa məsələlərdən nə qədər məlumatlıdırlar?

Bu qanun layihəsində məqsəd Azərbaycanda islahatlara təkan vermək, cinayət törətməyən insanları həbsdən azad etdirməkdir”, - o bildirib.

Burada jurnalist korrupsiya haqda və ya bu kimi başqa bir araşdırma aparanda mükafat alır, Azərbaycanda isə onları həbs edirlər, Smit vurğulayıb.

Dinləmələrdə iştirak edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Georq Link deyib: “Əgər siz müstəqil KİV-i məhv edirsinizsə, plüralizm yoxdursa cəmiyyətə dezinformasiya verilə bilər. Azərbaycan kimi ölkələr başa düşməlidir ki, insan hüquqları, demokratiya, azad seçkilər yoxdursa uzun müddət təhlükəsiz ola bilməzlər”.

XS
SM
MD
LG