Accessibility links

Kuba etirazları: 1 nəfər ölüb, 100-dən çox insan həbs olunub


Kuba hökuməti çərşənbə axşamı hökumət əleyhinə nümayişlərdən sonra bir nəfərin öldüyünü, hüquq qrupları isə rəsmlərin 100-dən çox insanı həbs etdiyini deyib.

Hökumət bazar ertəsi Havana yaxınlığındakı Arroyo Naranhoda nümayişçilərlə polis arasında yaşanan qarşıdurma zamanı 36 yaşlı bir şəxsin öldüyünü bildirib.

Çərşənbə axşamı Kubanın paytaxtı nümayişçilərin oraya və ölkənin digər bölgələrinə son on ildə ən böyük hökumət əleyhinə etiraz nümayişləri keçirməsindən iki gün sonra xeyli sayda polis qüvvəsi yerləşdirib.

Etirazçılar ərzaq qıtlığı, yüksək qiymətlərdən, elektrik enerjisinin kəsilməsindən və hökumətin koronavirus pandemiyasına cavabından məyus olduqlarını dilə gətirib.

Kuba dövlət mediası çərşənbə axşamı keçmiş lider Raul Kastronun prezident Migel Dias-Kanel və hakim Kommunist Partiyasının rəhbərliyi ilə görüşərək etirazları müzakirə etdiyini xəbər verib.

Dias-Kanel və digər rəsmilər qarışıqlıqda sosial mediadakı kubalı amerikalıları və Kubaya qarşı onilliklərdir davam etdirdiyi sanksiyalara görə ABŞ hökumətini günahlandırıb.

ABŞ-ın sabiq prezidenti Donald Trampın tətbiq etdiyi sanksiya və məhdudiyyətlər və pandemiya ilə əlaqəli turizm sahəsindəki azalma son illər Kuba iqtisadiyyatına əlavə təzyiq göstərib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə axşamı keçirdiyi brifinqdə etirazçıların "Kubanın avtoritar rejiminə qarşı olduğunu" deyib.

"Onların əsas ehtiyacları qarşılanmır və onlar da başa düşülən bir şəkildə yorulublar" - deyə, Prays qeyd edib.

İnternet monitorinq şirkəti NetBlocks Kuba hökumətinin Facebook və WhatsApp da daxil olmaqla, bir çox mobil mesajlaşma və sosial media xidmətlərinə girişi məhdudlaşdırdığını bildirib.

Kuba Xarici işlər naziri Bruno Rodrigez hökumətin girişi bağladığını təkzib edib.

“Elektrik problemimiz var. Rabitə problemimiz var; qoşulmaq problemləri” - deyə, Rodrigez bildirib.

"Mürəkkəb bir vəziyyətdə olduğumuz doğrudur və bu günlərdə elektrik enerjisi çatışmazlığı olduğu da doğrudur. Bu da telekommunikasiya server qovşaqlarının şəbəkələrinin işinə təsir göstərir" - deyə, o əlavə edib.

Prays ABŞ-ın Kubanı "bütün rabitə vasitələri" açmağa çağırdığını deyib.

"Texnologiyanı bağlamaq, məlumat axınını bağlamaq- bu, Kuba xalqının qanuni ehtiyac və istəklərini həll etmək üçün heç nə etmir"

Amerika Birləşmiş Ştatları həm də Kubadakı insanların potensial olaraq ada ölkəsini qayıqla tərk edib ABŞ sahillərinə çatmaq cəhdlərindən çəkindirir.

Daxili təhlükəsizlik katibi Alexandro Mayorkas çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamada "Milliyyətindən asılı olmayaraq dənizdə tutulan hər bir miqrantın ABŞ-a girməsinə icazə verilməyəcəyini" deyib.

"Bu riski almağa dəyməz" - deyə, o əlavə edib.

Mayorkas hazırda dəniz yolu ilə miqrasiya cəhdlərində artım olduğuna dair işarə olmadığını deyib.

XS
SM
MD
LG