Accessibility links

Kuleba: Ukraynanın əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi siyasi iradə məsələsidir


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çərşənbə günü bildirib ki, Ukraynanın tərəfdaşları arsenallarında 100-dən çox Patriot sistemlərinin olmasına baxmayaraq, Rusiyanın raket hücumlarından müdafiə üçün ölkəni kifayət qədər hava hücumundan müdafiə imkanları ilə təmin etmirlər.

"Reuters"ə müsahibəsində Kuleba Brüsseldə NATO həmkarları ilə planlaşdırdığı hər bir görüşdə "Patriot" sistemləri məsələsini gündəmə gətirmək niyyətində olduğunu bildirib.

"Tərəfdaşlar bizə müxtəlif (hava hücumundan müdafiə) sistemləri təqdim ediblər, biz bunu yüksək qiymətləndiririk, lakin müharibənin miqyasını nəzərə alsaq, bu, sadəcə olaraq kifayət deyil", nazir deyib.

Onun sözlərinə görə, Ukraynanın tərəfdaşlarının ixtiyarında 100-dən çox "Patriot" sistemi var, lakin hələ də hətta onlardan beş-yeddi ədədini bölüşməyə hazır deyillər - bu, Kyivin fikrincə, effektiv əlavə mühafizənin təmin edilməsi üçün zəruri olan minimum rəqəmdir.

"Doğrudanmı bu, bu qədər böyük problemdir?", Kuleba soruşub.

Son həftələr Rusiya qoşunları Ukrayna şəhərlərinə və enerji infrastrukturuna çoxlu hava zərbələri endirib. Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü bildirib ki, təkcə mart ayında Rusiya Ukraynaya 3000-dən çox idarə olunan bomba, 400 raket atıb, 600 pilotsuz təyyarə göndərib. Kulebanın sözlərinə görə, mart ayında Rusiya həmçinin əhəmiyyətli dərəcədə yüksək sürətə malik 94 ballistik raket, qanadlı raketlər atıb.

"Bu, sadəcə, siyasi iradə məsələsidir. Kimsə qərar verməlidir" - deyə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Kuleba qeyd edib ki, o, müttəfiqlərin Kyivi hələ də əlavə "Patriot" sistemləri ilə təmin etmədiyini başa düşmür, xüsusən də Kyivin tərəfdaşları Ukraynanın gündəlik üzləşdiyi raket təhlükəsi ilə üzləşmir.

Nazir vurğulayıb ki, Ukraynaya tərəfdaşlarının dəstəyi böyük Avropa müharibəsinin qarşısını almağa kömək edəcək.

"Avropada müharibə başlayacağını, Brüsselə və digər Avropa şəhərlərinə raketlərin düşəcəyini deyəndə, mən şişirtmirəm. Bütün bunlar Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlmədiyi təqdirdə baş verəcək. Beləliklə, əsgərlərinizi həlak olmaqdan xilas etməyin və Patriotlarınızın raketləri (ölkələriniz üzərindən) ələ keçirməsinin qarşısını almağın ən yaxşı yolu Patriotlarınızı Ukraynaya göndərmək və Ukrayna əsgərlərinə lazım olan hər şeyi verməkdir" – deyə, Kuleba açıqlama verib.

Kuleba NATO xarici işlər nazirlərinin iclasında danışıb. İclasda Ukraynaya hərbi dəstəyin daha uzunmüddətli təməl üzərində necə davam edəcəyi müzakirə olunub.

NATO rəhbəri Yens Stoltenberqin, diplomatların dediyinə görə, beş il ərzində Ukrayna üçün 100 milyard avroluq fond yaratmaq planını ehtiva edən təklifi ilə bağlı suala nazir deyib ki, o, dəstəyi alqışlayır, lakin bu, yeni vəsaitləri əhatə etməlidir.

Onun sözlərinə görə, NATO Ukrayna silahlı qüvvələrinin islahatı və təchiz edilməsi üçün Hərtərəfli Yardım Paketi üçün 500 milyon avro toplamaq üçün mübarizə aparıb, ona görə də bu məbləği ildə 20 milyarda çatdırmaq böyük səy olardı.

"Əgər bu xüsusi təşəbbüs reallaşarsa, o zaman əmin olmalıyıq ki, bu, (yeni) 100 milyard olacaq", Kuleba vurğulayıb.

Forum

XS
SM
MD
LG