Ukraynanın paytaxtı Kyivdə polis ABŞ səfirliyinin işçisinə ölümcül hücumla əlaqədar istintaqa başlayıb.
Polisin cümə axşamı verdiyi açıqlamada deyilib ki, başından yaralanan bir qadın bir gün əvvəl Kyivin Şevçenko rayonunun dəmiryol xəttinin yaxınlığındakı parkda huşsuz vəziyyətdə tapılıb.
Açıqlamada şəxsiyyəti barədə məlumat verilməyən qadının təcili olaraq xəstəxanaya aparıldığı və bir neçə saat sonra orada öldüyü bildirilib. Qadının çantasında tapılan sənədlərə əsasən onun ABŞ səfirliyinin əməkdaşı olduğu müəyyən edilib.
Açıqlamada qadına hücum edən şübhəlinin xarici görünüşü barədə də məlumat verilib.
"[Təcavüzkar] 30-40 yaşlarında, boyu 190-200 sm, qara şort, tünd göy rəngli idman ayaqqabısı və köynək geyinmiş, yanları qısa kəsilmiş qara saçları bir adam ola bilər" - deyə, bildirilib.
ABŞ-ın Kyivdəki səfirliyi sentyabrın 30-da Twitter səhifəsində hücuma məruz qalan şəxsin Amerika vətəndaşı olduğunu bildirib.
"Biz Kiyevdəki ABŞ səfirliyinin amerikalı işçisinin ölümü barədə məlumatı ürək ağrısı ilə veririk. ABŞ səfirliyi hazırda Kyiv rəsmiləri ilə birlikdə qətllə bağlı araşdırmalar aparır" - deyə, səfirliyin bəyanatında bildirilib.