Sentyabrın 14-də səhər saatlarında Qırğızıstanla Tacikistan sərhədində atışma olub. “Azadlıq” radiosunun tacik xidmətinin verdiyi məlumata görə, qarşıdurma zamanı bir tacik sərhədçisi həlak olub, ikisi yaralanıb. Tərəflər insidentdə bir-birini günahlandırıb.
Tacikistanın Sərhəd Qoşunlarının mətbuat katibi hadisəni rəsmi şəkildə şərh etsə də, qurbanlar barədə heç bir məlumat verməyib. Qırğızıstanın sərhəd xidməti qarşıdurma nəticəsində ölən və yaralananların olmadığını bildirib.
"Azadlıq" radiosunun Tacikistan xidməti ölkənin müxtəlif güc strukturlarından olan iki mənbəsinə istinadən bildirdiyinə görə, çərşənbə günü İsfara rayonunun Kex bölgəsində baş verən atışma nəticəsində bir tacik sərhədçisi həlak olub, ikisi yaralanıb. Hazırda bu üç sərhədçi haqqında daha ətraflı məlumat yoxdur.
Sentyabrın 14-də Reuters xəbər agentliyi RİA Novosti-yə istinadən "Qırğızıstanla toqquşmada bir tacik hərbçi həlak olub" - deyə, o bildirib.
Qırğızıstan tərəfinin məlumatına görə, Qırğızıstanın sərhəd xidmətinin dəstəsi sentyabrın 14-də səhər saatlarında Batken vilayətinin Bulak-Başı ərazisində Tacikistanın sərhəd dəstəsinin "döyüş" mövqeyində olduğunu aşkar edib.
Agentliyin məlumatına görə, Tacikistan sərhədçiləri ərazini tərk etmək tələblərinə məhəl qoymayaraq, atəş açıb. Buna cavab olaraq Qırğızıstan sərhədçiləri də silahdan istifadə edib. Qırğızıstanın sərhəd xidmətinin məlumatına görə, atışma zamanı Tacikistan tərəf qumbaraatanlardan istifadə edib.
Tacikistanın məlumatına görə, sentyabrın 14-də saat 07:15 radələrində Qırğızıstan Respublikasının "Bulakboşi" sərhəd zastavasının sərhədçiləri heç bir səbəb olmadan "İsfara sərhədinin Kex sərhəd zastavası istiqamətinə qumbaraatanlardan, PK, AK və digər odlu silahlardan istifadə etməklə, Tacikistan sərhədçilərinin mövqelərini atəşə tutub".
Bu, son bir neçə ayda ərazidə baş verən üçüncü qarşıdurmadır. İyun ayının 3-də bir neçə saat davam edən insident nəticəsində Qırğızıstanın iki hərbçisi yaralanıb. Qırğızıstan tərəfi bəyan edib ki, Tacikistan sərhədçiləri Bulak-Başı ərazisində şərti sərhəd xəttini qanunsuz keçərək, Qırğızıstan Respublikasının ərazisinə daxil olub.