Azərbaycan yanğınsöndürünləri dünən, avqustun 3-də ölkənin Lənkəran rayonu, Moloja kəndi (Bakıdan 272 kilometr cənub) yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğını bu gün, avqustun 4-də söndürüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 10 hektar sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.
“Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb,” məlumatda qeyd edilir.
Bundan öncə, avqustun 2-də Yardımlı rayonunun Honuba kəndi (Bakıdan 292 kilometr cənub) yaxınlığında meşə zolağında yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanıb.
Hazırda dövlət qurumları ölkənin müxtəlif regionlarında “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda maairfləndirmə tədbirləri həyata keçirir.
Sinoptiklərin məlumatına görə, Azərbaycan ərazisində avqust ayında isti və quru hava şəraiti davam edəcək. Temperaturlar 35-44 dərəcə arasında dəyişəcək.