Accessibility links

Lənkəranda saxlanılan reportyor və ictimai fəal sərbəst buraxılıb


Nurlan Libre

Fevralın 2-də Lənkəran rayonunda (Bakıdan 272 kilometr cənub) saxlanılan reportyor Nurlan Libre və ictimai fəal Rüstəm İsmayılbəyli sərbəst buraxılıb.

Onların fevralı 1-də saxlandığı bildirilən Tələbə Güc Mərkəzinin (TGM) sədri Əhməd Məmmədlinin məsələsini aydınlaşdırmaq üçün Lənkəran rayonuna getdikləri və orada tutulduqları qeyd edilir.

“Bu gün səhər Lənkəranda polis əməkdaşları Rüstəm İsmayılbəyli və mənim kimliyimi müəyyənləşdimək bəhanəsi ilə Lənkəran Şəhər Polis Şöbəsinə gətirdilər. Orada 5 saata yaxın bir müddətdə qaldıq. İndi ikimizi də Bakıya yola salırlar,” o facebook səhifəsində qeyd edib.

Onun sözlərinə görə, fəal tələbələrdən Samir Axundov və D18 Hərəkatının üzvü Cəlil Zabitov da saxlanıb. Reportyor onların hər ikisinin hələ sərbəst buraxılmadığını söyləyib.

D18 Hərəkatının fəalı Cəlil Zabitov həbs edilməsini öz səhifəsində təsdiqləyib.

Öz növbəsində, ictimai fəal Rüstəm İsmayılbəyli özünün twitter səhifəsində bunları qeyd edib.

“Lənkərana çatan kimi 6-7 polis gəldi ki, siz şübhəli adama oxşayırsınız, bizimlə gəlin. Şöbəyə gedəndə anladıq ki, məsələ şübhəli görünmək deyilmiş. Dünən saxlanılan tələbələrin şöbədə olduqlarını dedilər, amma nə gördük, nə də yeni bir məlumat ala bildik.”

Rüstəm İsmayılbəyli
Rüstəm İsmayılbəyli

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Fevralın 1-də Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədlinin Lənkəran Dövlət Universitetinin qarşısında təşkilatın bəyanatını səsləndirməyə gedərkən saxlanıldığı deyilir.

Tələbə Güc Mərkəzininin məlumata görə, Əhməd Məmmədlini Lənkəran Dövlət Universitetindən əraziyə çağırılan polis əməkdaşları aparıblar.

Təşkilat qeyd edir ki, bəyanat tələbələrin hüquqların pozulması ilə bağlı olub.

“Yanvar ayı ərzindəki imtahan sessiyası boyunca bütün ölkə universitetlərinin tələbələrinin illik ödənişlə bağlı problemləri yaşanıb. Tələbələrin ən çətin və ədalətsiz şərtlər altında imtahan verdiyi universitetlərdən biri Lənkəran Dövlət Universiteti idi,” təşkilat bildirir.

Qurum iddia edir ki, imtahan sessiyası başlayan kimi müəyyən çətinliklər səbəbindən illik ödənişləri tamamlaya bilməyən tələbələrin imtahana buraxılmayacağı bildirilib.

Ə.Məmmədli
Ə.Məmmədli

Təşkilat üzvlərinin sözlərinə görə, Tələbə Güc Mərkəzi, Lənkəran Dövlət Universitetinin tələbələri ilə həmrəylik nümayiş etdirmək üçün fevralın 1-də universitet qarşısında öz bəyanatını səsləndirmək qərarına gəlib.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, Lənkəran Dövlət Universitetindən bildirilib ki, nəticəsindən narazı olan tələbələrin şikayətlərinin araşdırılması üçün universitetinin Apellyasiya Komissiyası yaradılıb. Universitet rəhbərliyi komissiyanın fəaliyyətini daim nəzarətdə saxlayır.”

Respublikaçı Alternativ Partiyası (ReAL) Gənclər Birliyi də bu hadisə ilə bağlı bəyanat yayıb.

“Lənkəran Dövlət Universitetində tələbə problemlərinin həlli çağırışı ilə bu universitetin qarşısında fevralın 1-də aksiya keçirdiyinə görə “Tələbə Güc Mərkəzi”nin sədri, tələbə Əhməd Məmmədlinin saxlandığı haqda xəbərlər yayılır. Respublikaçı Alternativ (ReAL) Partiyasının Gənclər Birliyi olaraq bildirmək istəyirik ki, sərbəst toplaşmaq azadlığı Azərbaycanda davamlı şəkildə pozulduğu və bu pozuntuların Avropa Məhkəməsinin çoxsaylı qərarlarında öz təsdiqini tapdığı üçün sözügedən xəbərlər şübhə doğurmur.”

Partiyanın Gənclər Birliyi dövlət qurumlarını baş vermiş hadisənin qeyri-qanuni nəticələrini tezliklə aradan qaldırmağa çağırır.

Şərhlərə bax

XS
SM
MD
LG