Minnesota ştatında yaşayan 13 yaşlı Lalə Bəylər bu yaxınlarda Minnesota Universitetinin İstedadlı Gənclər Riyaziyyat proqramına qəbul edilib. Lalə Bəylər və onun atası, Minnesota Universitetinin professoru Anar Əhmədov Amerikanın Səsinə müsahibədə Amerikada təhsil, uşaqlarda riyaziyyat və dəqiq elmlərə marağın təşviq edilməsi və Lalənin gələcək planlarından danışıblar.
"Mən riyaziyyata kiçik yaşlarımdan maraq göstərmişəm. Atam və anam da mənə çox kömək edib" - deyə, Lalə hələ uşaqlıq illərindən riyaziyyata böyük marağı olduğunu deyib.
Özü də riyaziyyatçı olan Anar Əhmədov Simons təqaüdü əsasında bir il müddətinə Harvard universitetinə dəvət edilib. O, riyazi biliklərini artırmaq məqsədilə Lalənin müxtəlif proqramlara cəlb edildiyini bildirib. Anar Əhmədov qızların riyaziyyat, elm və texnologiya sahələrində təhsilinin təşviq edilməsindən danışıb.
Səhvlərdən qorxmayın, səhvlərinizdən öyrənməyə çalışın.Lalə Bəylər
"Lalə burada MIT (Minnesota Texnologiya Universiteti) Broad institutunda qızlar üçün təşkil olunmuş Girls` Angle (institut nəzdində qızlar üçün elmi mərkəz) hər həftə kluba gedir. Orada Harvard universitetini bitirmiş bəzi professorlar dərs deyir, qızlar üçün xüsusi proqramlar var. Belə proqramlar daha çox olarsa, onların irəli getməyinə və riyaziyyatçılarla daha yaxından tanış olmağına kömək yarada bilər. Bir də düşünürəm ki, bu işə daha çox mentorların ayrılması onların gələcək uğurları üçün çox kömək edə bilər."
Lalə Minnesota universitetində istedadlı gənc riyaziyyatçılar üçün proqram çərçivəsində təhsilə başlamasını səbirsizliklə gözlədiyini və tələbələrin əksəriyyətinin ondan yaşca böyük olmasından çəkinmədiyini deyib.
"Əksinə, mən sevinirəm ki, universitetdə bir tələbə olacam. Mənim üçün həm də böyük uşaqlarla birlikdə oxumaq maraqlıdır. Birinci dəfədir. Həm də bu proqram mənə başqa riyaziyyat kursları almaq imkanı verir. Ona görə sevinirəm."
Anar Əhmədov istedadlı gənclər üçün xüsusi riyaziyyat proqramı haqda danışıb.
"Bu, universitet nəzdində olan bir proqramdır və Minnesota ştatında qəbul olunub. Burada Minnesota universitetində istedadlı gənclərə bakalavr kursları almağa icazə verilir. Və sonra tələbə kimi kollecə getdikdə bu kurslar kollec kreditləri kimi qəbul olunur. Lalə artıq 8-ci sinifdən başlayaraq bütün bu kursları alacaq və sonra istədiyi universitetə getdikdə bütün bunlar o universitetlərdə qəbul olunacaq."
Lalə Bəylər ingilis dili ilə yanaşı, fransız dilində də təhsil alaraq, ikinci xarici dili mükəmməl öyrənə bilib. Lakin onun istedadı təkcə bunlarla bitmir. Lalə həm də musiqiyə böyük maraq göstərir və rəsm əsərləri çəkir. O, təhsil aldığı məktəbin orkestrində skripkada musiqi ifa edir.
Yaşıdlarına nə tövsiyə edə bilərdi sualına isə Lalə belə cavab verir: "Səhvlərdən qorxmayın, səhvlərinizdən öyrənməyə çalışın."
Gələcək planlarından danışan Lalə Bəylər Minnesota Universitetində proqramı bitirdikdən sonra təhsilini Harvard, Massaçusets Texnologiya İnstitutu və Stanford kimi prestijli universitetlərin birində davam etdirmək istədiyini bildirib.