Accessibility links

Litva, Latviya və Estoniya rusların Avropa İttifaqı ölkələrinə girişini məhdudlaşdırmaqla bağlı razılığa gəlib


Litva, Latviya və Estoniya rusların onların sərhədləri vasitəsilə Avropa İttifaqı ölkələrinə girişini məhdudlaşdırmaq barədə razılığa gəlib. Avropa İttifaqının bu dövlətləri Şengen vizası olan rusların quru sərhədlərini keçməsinə “əhəmiyyətli məhdudiyyət” haqqında qərar qəbul edib. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç məlumat verib.

İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, ailə və humanitar səbəblərlə daxil olan vətəndaşlar üçün olacaq.

Rəsmi qadağa tezliklə elan ediləcək. Qərarlar milli hökumətlər tərəfindən veriləcək və eyni zamanda qüvvəyə minəcək. "Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və eyni zamanda qüvvəyə minəcək" - deyə, Rinkeviç bildirib.

Baltikyanı ölkələrin nümayəndələri vurğulayıblar ki, onlar üçün bu, milli təhlükəsizlik məsələsidir. Məsələn, fevralın 24-dən Estoniyaya 300 min rus daxil olub, halbuki ölkənin əhalisi cəmi 1,3 milyon nəfərdir.

Eyni zamanda, əvvəllər Litva, Latviya və Estoniyanın təşəbbüsünü dəstəkləyən Finlandiya rəsmiləri Avropa Komissiyasının müvafiq qərarına qədər rusiyalı turistlərin ölkəyə girişinə məhdudiyyət qoymayacaqlarını bildirib.

Bundan əvvəl Rusiya ilə həmsərhəd olan Avropa ölkələri müstəsna hallar istisna olmaqla, ruslara Şengen vizalarının verilməsinə qadağa qoyulmasına təkid edib. Lakin Avropa İttifaqı nazirlərinin görüşündə Almaniya, Yunanıstan, Kipr, Portuqaliya və Fransa daxil olmaqla, Qərbi Avropanın nümayəndələri buna qarşı çıxıb və bu razılaşma əldə edilə bilməyib.

Bunun əvəzində Avropa Komissiyası Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını təsdiqləyib. İndi rusiyalıların Avropa İttifaqı ölkələrinə viza verilməsi üçün müraciətlərinə baxılması altı aya qədər davam edəcək, viza rüsumları iki dəfədən çox - 35 avrodan 80 avroya qədər artacaq və sənədlər üçün müraciət prosesi daha da mürəkkəbləşəcək.

XS
SM
MD
LG