Latviya Seymi "9 Mayda bəzi ictimai tədbirlərin qadağan edilməsi haqqında" qanunu qəbul edib və Avropa Günlərindən başqa hər hansı ictimai tədbirin keçirilməsini qadağan edib. Bu barədə qanunverici orqanın saytında deyilib.
Yeni qanunun lehinə 79 deputat səs verib. "Stabillik" fraksiyasının bütün deputatları səsvermədə iştirak etməyib. Seymin təcili olaraq qəbul etdiyi qanun elan edildiyi gündən qüvvəyə minəcək.
Qəbul edilən qanun "Latviyanın demokratik və milli dövlət kimi dəyərlərinin təhdid edilməsi və alçaldılması, cəmiyyətin parçalanması, müharibənin, hərbi təcavüzün və zorakılığın tərənnüm edilməsi, habelə tarixin təhrif olunmasının qarşısını almaq məqsədi daşıyır".
"Hamıya məlumdur ki, 9 May cəmiyyətin müəyyən bir hissəsinin totalitar və işğalçı rejimləri tərənnüm etmək üçün istifadə etdiyi bir gündür və bizim dəyərlərimizi sarsıdan, cəmiyyəti parçalayan, hərbi təcavüzü tərənnüm edən və bu hadisələrin saxtalaşdırılmasına töhfə verən hadisələrin qarşısının alınması bizim marağımızdadır" - deyə, Seymin İnsan Hüquqları və İctimai Əlaqələr Komissiyasının sədri İeva Brante bildirib.
Qanun mayın 9-da Ukrayna xalqı ilə həmrəyliyi ifadə etmək və Rusiyanın təcavüzü nəticəsində Ukraynada həlak olanların xatirəsini ehtiramla yad etmək üçün keçirilməsinə icazə verir.
Sənədə əsasən, bütün Latviya ərazisində mayın 9-da (bütün gün ərzində) və mayın 10-da səhər saat 7-dək atəşfəşanlıq kimi pirotexniki vasitələrdən istifadə qadağandır. Açıq havada ictimai məkanda bayram və əyləncə tədbirlərinin, yürüşlərin, yığıncaqların və piketlərin keçirilməsi yasaqdır. Əgər belə tədbirlər üçün bələdiyyədən icazə tələb olunsa, onların belə icazələr vermək hüququ yoxdur.