Accessibility links

Lavrov illik mətbuat konfrasında Dağlıq Qarabağdan danışıb


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada mətbuat konfransında danışır, 16 yanvar, 2019.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada mətbuat konfransında danışır, 16 yanvar, 2019.

“Ötən il Ermənistan rəhbərliyi dəyişdi. Bu səbəbdən bizim Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədrlərin işinə töhfəmiz tanışlıq görüşləri ilə məhdudlaşdı”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 16-da keçirdiyi illik mətbuat konfransında deyib.

“İnanıram ki, Bakının münaqişənin həllinin tapılmasına hazır olması ilə bağlı bəyanatları bütün mümkün dəstəyə layiqdir. Ermənistanlı dostlarımızın eyni ruhda cavab verəcəyinə ümid edirik”, o əlavə edib.

Ötən ilin mayında Ermənistandakı küçə etirazları nəticəsində ölkəni 10 il prezident kimi idarə etmiş Serj Sarkisyan baş nazirlikdən getməli olub, müxalifət lideri Nikol Paşinyan hakimiyyətə gəlib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-cı ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Münaqişənin həlli ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ötən ilin sonunda deyib ki, "2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacağına" ümid edir.

Prezident İlham Əliyev Yeni il təbrikində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyində qaldığını, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu bəyan edib: "Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

AzadlıqRadiosu

XS
SM
MD
LG