Accessibility links

Almaniya, İtaliya, Rumıniya və Fransa liderləri Zelenski ilə görüşüb


Almaniya, İtaliya, Rumıniya və Fransa liderləri cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşərək Kyivin daha çox silah tədarükü və Rusiya ilə müharibəyə yardımda daha sərt tədbirlər görüləcəyi ümidinə dəstək nümayiş etdirib.

Avropa liderlərinin Kyivə gəlişi növbəti həftə Aİ liderlərinin Brüsseldə keçiriləcək sammiti, eləcə də iyunun 29-30-da Madriddə keçiriləcək NATO-nun zirvə görüşü ərəfəsində baş tutub.

Rusiya təcavüzünün başlanğıcından bəri Ukrayna paytaxtına ilk belə səfərdə olan Fransa (Emmanuel Makron), Almaniya (Olaf Solts), İtaliya (Mario Draqi) və Rumıniya (Klaus Yohannis) liderləri müharibə başlayandan Ukraynanı tərk etməyən Zelenskini alqışlayıb.

Görüş dörd avropalı liderin işğalın əvvəlində şiddətli döyüşlərin getdiyi İrpin şəhərində dağılmış binaları və qəzalı avtomobilləri ziyarət etməsindən sonra baş tutub.

Səfərin məqsədi Rusiya qoşunlarının törətdiyi mümkün hərbi cinayətlərə diqqəti cəlb etməkdir. Şolts isə bunu "ağılasığmaz vəhşilik" və "mənasız zorakılıq" adlandırıb.

"Bu, barbarlıq damğası ilə seçilən qəhrəman şəhərdir" - deyə, Makron jurnalistlərə bildirib.

Kyiv bundan əvvəl Fransa, Almaniya və bir qədər də İtaliyanı silahların çatdırılmasında ləngiməkdə ittiham etmişdi.

Bu tənqidlə bağlı sualı cavablandıran Makron silah təchizatı və maliyyə dəstəyinə işarə edib.

"Fransa və Avropa əvvəldən Ukraynanı və onun xalqını dəstəkləyib" - deyə, o qeyd edib.

Ukraynanın 27 Aİ ölkəsinə qoşulmaq istəyi və Rusiyaya qarşı döyüşmək üçün daha çox silah tələbinin Aİ liderləri ilə İrpinə onları müşayiət etməyən Zelenski arasında danışıqların iki əsas mövzusu olacağı gözlənilir.

"Onların danışdıqlarının çoxu yenidənqurma ilə bağlı idi. Ağrı, ümid haqqında, həm də gələcəkdə nə etmək istədikləri haqqında fikirlər" - deyə, Mario Draqi bildirib.

XS
SM
MD
LG