Accessibility links

Reuters: Hizbullah Rusiyanın "Yaxont" raketlərinə malikdir


Dünyanın bir çox ölkəsinin terrorçu kimi tanıdığı Livanın radikal Hizbullah qruplaşması Aralıq dənizində ABŞ gəmilərinə qarşı istifadə edilə biləcək Rusiyanın gəmi əleyhinə "Yaxont" raketlərinə malikdir. Bu barədə Reuters xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Hizbullah lideri Həsən Nəsrulla İsraillə Fələstinin radikal HƏMAS qruplaşması arasında döyüşlər başlayandan sonra televiziya ilə çıxışında deyib ki, Aralıq dənizində yerləşən Amerika gəmiləri üçün "bəzi ehtiyatları" var.

Reuters xəbər agentliyinin Livandakı mənbələrinə istinadən bildirdiyinə görə, Nəsrulla Rusiyanın 300 kilometr məsafəli "Yaxont" raketləri də daxil olmaqla, Hizbullahın əhəmiyyətli dərəcədə artan hərbi potensialına işarə edib. Agentlik qeyd edib ki, bundan əvvəl jurnalistlər və analitiklər Livan qruplaşmasının bu raketlərdən Suriyada istifadə etdiyini bildiriblər. Hizbullah orada prezident Bəşər Əsəd ordusunun tərəfində döyüşürdü.

Reuters mənbələrinin məlumatına görə, qruplaşmanın tərkibində Rusiya raketləri ilə yanaşı başqa raketlər də var.

Kremlin sözçüsü Dmitri Peskov Hizbullahın arsenalında "Yaxont" raketlərinin olması barədə məlumatı olmadığını bildirib. Qrupun nümayəndələri və Suriya tərəf agentliyin sorğusuna cavab verməyib.

Noyabrın 3-də Həsən Nəsrulla Hizbullahın HƏMAS-ın İsrailin cənubuna planlaşdırdığı hücumdan xəbəri olmadığını deyib, lakin cihadçıların addımını dəstəklədiyini bildirib. Livan qrupunun lideri deyib ki, Hizbullah fələstinlilərə qoşulub və İsrailin şimalında onun ordusuna hücumlar həyata keçirir.

Forum

XS
SM
MD
LG