Accessibility links

Co Baydenin inaqurasiyasında milli himni Ledi Qaqa ifa edəcək


Co Baydenin inaqurasiyasında milli himni Ledi Qaqa ifa edəcək. Cennifer Lopez isə mahnılar söyləyəcək.

46-cı prezidentin inaqurasiyası Kapitoli binasının Qərb hissəsində gələn çərşənbə günü baş tutmalıdır.

Baydenin andiçmə mərasiminin xüsusi 90 dəqiqəlik televiziya buraxılığını Tom Henks aparacaq. Digər çıxışlar arasında Castin Timberleyk, Con Bon Covi, Demi Lovato və Ant Klemons yer alacaq.

Andiçmə mərasimində rahib, Corctaun Universitetinin sabiq prezidenti Leo O'Donovan dua oxuyacaq, sədaqət andına Gorciya ştatının yanğınsöndürəni Andrea Holl rəhbərlik edəcək.

Mərasimdə ilk milli gənc şair laureatı Amanda Qormanın şeri səsləndiriləcək, Delaver ştatından Afrikalıların Metodist Kilsəsinin rahibi Silvestr Biman prezidentə xeyir-dua verəcək.

Koronavirus dövründə toplaşma məhdudiyyətlərinə uyğun olaraq yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə həsr edilən parad virtual olacaq.

Ölkə icmalarının müxtəlifliyi və dinamikasını nümayiş etdirən parad televiziya ilə yayımlanacaq.

Co Baydenin andiçmə mərasimi ərəfəsində paytaxt Vaşinqtondakı hüquq-mühafizə orqanları və yerli hökumət rəsmiləri ötən həftə minlərlə Prezident Tramp tərəfdarının Kapitoli binasına basqını etdiyi zaman baş vermiş kütləvi təhlükəsizlik pozuntularının qarşısını almaq üçün görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirir.

Bir neçə ştatdan on minlərlə Milli Qvardiya qüvvələri bu həftənin sonlarında paytaxt Vaşinqtonda olacaq.

Şərhlərə bax

XS
SM
MD
LG