İyul-avqust aylarında Azərbaycanda çoxsaylı meşə yanğınları qeydə alınmaqdadır.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu gün, avuqstun 22-də Lerik (Bakıdan 323 kilometr cənub) və Ağsu (Bakıdan 155 kilometr qərb) rayonlarında meşə yanğınları başlayıb.
Nazirlik bildirir ki, Lerik rayonu, Soru kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğının söndürülməsinə bu nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.
Nazirlik həmçinin bildirir ki, Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.
Məlumatda deyilir ki, hər iki rayonda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən Ağsu rayonunda dağlıq ərazidə 10 hektar sahədə, Lerikdə isə meşə sahəsində kol-kos, qurumuş ağaclar yanır.