Accessibility links

Leyla Mustafayeva: Hökumət mediaya təzyiqləri dayandırmalıdır


Leyla Mustafayeva: Hökumət mediaya təzyiqləri dayandırmalıdır
please wait

No media source currently available

0:00 0:13:39 0:00

Bu həftə Vaşinqtonda Atlantika Şurasında Qafqazda COVID-19 dezinformasiyası mövzusunda müzakirələr keçirilib. Tədbirdə Qafqaz bölgəsinin hazırda epidemiyanın yayılması ilə bağlı dezinformasiya kimi yeni bir təhlükə ilə üzləşdiyi vurğulanıb. Tədbirdə iştirak edən Fakt Yoxla müstəqil media moniorinq saytının redaktoru, jurnalist Leyla Mustafayeva Amerikanın Səsinə müsahibədə dezinformasiya kampaniyasının məqsədləri, dezinformasiyaya qarşı mübarizə yolları və Azərbaycanda durum haqda danışıb.

Leyla Mustafayevanın sözlərinə görə, Qafqaz regionu dezinformasiyaya ən zəif müqaviməti olan bölgələrdən biri hesab edilir. Jurnalist bu məlumatların yayılmasının əsas məqsədlərindən birinin virusla bağlı əhali arasında yanlış fikrin formalaşdırılmasından ibarət olduğunu deyib.

“Xüsusilə Azərbaycan kimi ölkələrdə iki məsələ var: bir Rusiyanın indiki koronavirus pandemiyası ilə bağlı propaqandasının təsir imkanları çox böyükdür. Düzdür əsas hədəf burada Avropa ölkələri və Amerikadır. Yəni virusun məhz bu ölkələrdə yayıldığı və yaxud da bu tipli yanlış informasiyalar və yalan məlumatlar ötürülür və cəmiyyətlərin bu virus haqqında fikrini yanlış formalaşdırmağa olunan cəhdlərdir.”

Leyla Mustafayeva bildirib ki, Qafqaz regionunda Rusiya tərəfindən dezinformasiya kampaniyasının ən güclü yönləndiriliyi ölkə Gürcüstan olsa da, təbliğatın “uzantıları Azərbaycana gəlib çıxır”.

“Məlumdur ki, ərazi konfliktinə görə Rusiyanın Gürcüstanla münasibətləri kritik həddədir. Bununla belə bu propaqandanın uzantıları Azərbaycana gəlib çıxır. Rusiya propaqandasının Qafqazda əsas hədəflərindən biri Amerikanın vəsaitləri hesabına ölkələrində yaradılmış Luqar laboratoriyaları ilə bağlı idi, yəni propaqanda materiallarında, Rusiyadan yayılan bu məlumatlarda qeyd olunurdu ki, virus yayan laboratoriyalardır əslində bunlar.”

Leyla Mustafayeva koronavirus epidemiyası dövründə xaricdən dezinformasiya kampaniyası ilə yanaşı Azərbaycanda “xüsusilə icraedici strukturlar tərəfindən manipulyativ məlumatların” da yayıldığını qeyd edib.

Yanlış və dezinformasiya tipli məlumatların qarşısının alınması üçün hökumət Azərbaycanda medianın, müstəqil medianın fəaliyyətinə ən azından maneçilik törətməməlidir.

“Bu da onunla bağlıdır ki, hökumət icraedici strukturların belə deyək, gördüyü işi cəmiyyətin gözündə şişirtmək və eləcə də manipulyativ məlumatlar yaymaqla bağlıdır. Ən son məlumatlardan biri Nazirlər Kabinetinin Operativ Qərargahının mətbuat konfransında İbrahim Məmmədov bildirmişdi ki, dövlət, ümumiyyətlə koronavirus fonduna ən böyük ianə dövlət tərəfindən Azərbaycan prezidenti vasitəsilə olunub və dövlət saytları Azərtac və eləcə də digər saytlar `ən böyük ianəni dövlət başçısı fonda köçürüb` deyə, bu cür məlumatlar yaymışdı. Halbuki dövlət başçısının prezidentin ehtiyat fondundan ayırdığı bu vəsait heç vaxt ianə hesab oluna bilməz, çünki bu, büdcə xərcləmələridir və bu vəsaitlərin mənbəyi büdcədən qaynaqlanır. Məsələn, daha bir xəbər yayılmışdı ki, prezident öz bir illik maaşını koronavirus fonduna ianə edib. Bu, artıq ianədir. Məhz dövlət vəsaitini prezidentin adına çıxaraq, bunu ianə kimi təqdim etmək və sanki bunun rolunu şişirtmək bu, artıq belə deyək, manipulyasiya idi.”

Leyla Mustafayeva rəsmi rəqəmlər və statistikanın müstəqil yoxlanılıb araşdırılması qarşısında çətinliklərin olduğunu deyib.

“Problem ondadır ki, Azərbaycan hökuməti Amerikada, eləcə də digər ölkələrdə olduğu kimi informasiyalara açıq deyil və göndərilən sorğulara belə, yəni biz əksəriyyətinə cavab ala bilmirik. Bizim yoxlanışlarda əsas mənbəyimiz ikinci, üçüncü dərəcəli mənbələr olur. Bu, bizə çətinlik yaradır.”

O, Azərbaycan hökumətinin pandemiya dövründə müxalif fikrə qarşı təzyiqləri artırdığını qeyd edib.

“Koronavirus pandemiyası yaranan kimi hökumət qanuvericiliyə dəyişiklik elədi. Məhz koronavirusla bağlı yanlış məlumat yayan şəxslər məsuliyyətə cəlb olunmalı idi. İndiyə qədər olan müşahidələrimiz isə ondan ibarətdir ki, hökumət bu koronavirus dövründə əsasən müxalif fəallara təzyiqlərə başladı və əslində bu cür məlumatları yayan mediaya da diqqət eləməli idi və indiyə qədər bununla bağlı heç bir məlumat verilməyib. Hansı bir media qurumunun və yəni bu cür yanlış informasiya yayan qurumların onlar barəsində bir ölçü götürülməsi və yaxud da ki, onlara xəbərdarlıq olunması ilə bağlı hər hansı bir məlumat yoxdur, baxmayaraq ki, bu tipli məlumatlar əslində Azərbaycanda fəaliyyət göstərən saytlar vasitəsilə yayımlanıb. Təəssüf ki, hökumət analoji tədbirləri ancaq müxalif fəalların üzərində sınamaqla kiyafətləndi.”

Leyla Mustafayeva hökumətin rəsmi dövlət informasiya vasitələrindən öz təbliğatı məqsədilə istifadə etdiyi şəraitdə “dövlətin xeyrinə olan yanlış məlumatların yayılmasının mümkün olduğunu” düşündüyünü bildirib.

“Bizim fakt-yoxlamaya cəlb etdiyimiz məlumatları biz əslində dövlət televiziyalarından götürürük, dövlətin rəsmi saytlarından, bunların adlarını çəkəcəm. Azərtac-dır, Report-dur, APA-dır, yəni əsas veb saytlardan götürürük. Məsələn, bu propaqanda tipli, dezinformasiya tipli məlumatlar əsasən Azərtac-ın, rəsmi dövlət saytının özündə belə yayımlanır. Mən hesab edirəm ki, əslində dövlət bu saytlardan özünün təbliğatı və propaqandası kimi istifadə edir və belə olan halda yanlış informasiya yayıla bilər, əgər bu hökumətin xeyrinədirsə, dövlət strukturlarının faydasınadırsa. Yox, əgər başqa tipli məlumatlar yayılırsa, artıq əlbəttə ki, yəni əvvəl olduğu kimi bu cür media qurumlarına təzyq artmağa başlayır.”

Leyla Mustafayeva dezinformasiyanın qarşının alınmasında müstəqil medianın rolunu qeyd edib və Azərbaycanda medianın durumuna toxunub.

Jurnalistlər artıq yazdıqları materiallara görə cinayət işinə cəlb olunmamalıdırlar.

“Media azadlığı ilə bağlı Sərhədsiz Reportyorlar-ın açıqladığı reytinq siyahısı var və orada Gürcüstan 60-cı yerdə, Ermənistan 61-i yerdə və Azərbaycan 168-ci yerdədir. Görün arada nə böyük bir fərq var. Məsələ burasındadır ki, yanlış və dezinformasiya tipli məlumatların qarşısının alınması üçün hökumət Azərbaycanda medianın, müstəqil medianın fəaliyyətinə ən azından maneçilik törətməməlidir. Və belə olan halda əsasən də hökumət və hökumətyönlü televiziyalar hökumətin təbliğatçısı və propaqandasına çevrilir və yalan və yanlış informasiyalar verərək, cəmiyyətdə olan fikirləri manipulyasiya edirlər və belə olan halda da təbliğatlarını gücləndirmiş olurlar. Dezinformasiyanın qarşısını almaq üçün təəssüf ki, Azərbaycanda kifayət qədər proyektlər, layihələr yoxdur...Mən fikirləşirəm ki, hökumət siyasi iradə nümayiş etdirməlidir. Son vaxtlar islahatların aparılması ilə bağlı ağızdolusu danışırlar, amma təəssüf ki, bu islahatların dalğası hələ mediaya gəlib çatmayıb. Və indiyə qədər Azərbaycanda xaricdə fəaliyyət göstərən media qurumlarının və tənqidçi media qurumlarının Azərbaycandakı əməkdaşlarına təzyiqlər olunub. Müstəqil media qurumları, Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyevi bir ara həbs eləməyə çalışmışdılar. Yəni bu təzyiq və repressiyaları dayandırmalıdırlar. Jurnalistlər artıq yazdıqları materiallara görə cinayət işinə cəlb olunmamalıdırlar. Hökumət bir sözlə siyasi iradə göstərməlidir, mediaya təzyiqləri dayandırmalıdır.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG