Accessibility links

Leyla Mustafayeva: Pandemiya dövrü jurnalistlər üçün asan olmadı


Leyla Mustafayeva: Pandemiya dövrü jurnalistlər üçün asan olmadı
please wait

No media source currently available

0:00 0:16:29 0:00

Sərhədsiz Reportyorlar təşkilatının hər il açıqladığı “Mətbuat Azadlığı İndeksi” hesabatında COVID-19 pandemiyası dövründə dünyanın bir sıra ölkələrində mətbuat azadlığının məhdudlaşdırıldığı və məhdud sayda ölkədə jurnalistlərin fəaliyyəti üçün əlverişli şəraitin olduğu göstərilib. Hesabatda dünya ölkələrinin təxminən 75 faizində "dezinformasiya virusuna qarşı vaksin" adlandırılan jurnalistikanın tam və ya qismən bloklandığı, pandemiya dövründə məhdudiyətlərin tətbiq edildiyi şəraitdə jurnalistlər və media nümayəndələrinin daha ciddi təzyiqlərlə qarşılaşdığı qeyd edilir. Eyni zamanda, avtoritar rejimlərin informasiyaya total nəzarət etdiyi, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərdən tənqidi informasiyanın qarşısının alınması üçün istifadə edildiyi, dezinformasiyanın yayılması halları haqda məlumat verilir. Təşkilatın bildirdiyinə görə, builki hesabatda dünya ölkələrində insanların informasiyaya çıxış imkanlarının azalması, xəbərlərin işıqlandırılmasında maneələr öz əksini tapıb.

`Fakt Yoxla` müstəqil media monitorinq saytının redaktoru, araşdırmaçı jurnalist Leyla Mustafayeva Amerikanın Səsinə müsahibədə Azərbaycanda pandemiya dövründə jurnalistlərin fəaliyyətlərində məhdudiyyətlərlə qarşılaşdıqlarını, dezinformasiya hallarının artdığını qeyd edib.

“Ötən il koronavirus pandemiyasının yayılmasına görə jurnalistlər üçün heç də asan olmadı. Vəziyyət əslində əvvəlki illərdə də yaxşı deyildi Azərbaycanda jurnalistlər üçün, həbslər, təzyiqlər, saxlanmalar, aksiyalar, amma koronavirus sanki bunun üzərinə daha nələri isə əlavə etdi. Hökumətin yaydığı dezinformasiyalar artmağa başladı. Bunu nə ilə bağlı müşahidə etdik? Əsasən, koronavirusa görə həyata keçirilən tədbirlər və bu haqda məlumatlar əsasən hökumət qurumları tərəfindən, Nazirlər Kabineti tərəfindən və yaxud ayrı-ayrı səlahiyyətli şəxslər tərəfindən açıqlamalar bu istiqamətdə açıqlamalar verilirdi. Bu mənada deyə bilərdim ki, bizim yoxladığımız `Fakt Yoxla`nın yoxladığı informasiyalar arasında əsasən bu qurumların, bu şəxslərin açıqladığı məlumatları yoxlamışıq və təəssüf ki, həmin məlumatların içində məqsədli şəkildə yayılan dezinformasiyalar da olub.”

Leyla Mustafayevanın bildirdiyinə görə, rəsmi hökumət qurumları tərəfindən verilən açıqlamalar “heç də həmişə həqiqəti əks etdirmirdi.” O, tənqidi və müstəqil medianın “belə çətin şərtlər altında” fəailyyət göstərdiyi ölkələrdə dezinformasiyanın bu şəraitdə yarandığını bildirib. Araşdırmaçı jurnalist problemin həllində hökumətin üzərinə daha çox məsuliyyət düşdüyünü qeyd edib.

“Hökumətin üzərinə daha çox məsuliyyət düşür, çünki indiyə qədər medianın susdurulmasında, hökumətin və hökumətin əlində olan resurslardan sui-istifadə edilərək medianı susdurub.”

Sərhədsiz Reportyorlar təşkilatının hesabatında müstəqil medianın basqılar altında olduğu Mərkəzi Asiya ölkələrində medianın qarşılaşdığı maneələrin təhlükəli səviyyəyə çatdığı göstərilir. Hesabatda Azərbaycan da daxil olmaqla bir neçə ölkələrdə jurnalistlərin susdurulması, informasiya axınının qarşısını almaq üçün internetin tamamilə bloklanması halları qeyd edilir. Azərbaycanda bu halların Qarabağ müharibəsi dövründə baş verdiyi deyilir.

“Mətbuat Azadlığı İndeksi”ndə həmçinin media azadlıqlarının məhdudlaşdırıldığı ölkələrdə pandemiyadan sonrakı dövrdə mətbuat azadlığı qarşısında ciddi sınaqların ola biləcəyi haqda xəbərdarlıq edilir. Leyla Mustafayeva Azərbaycanda pandemiyanın başladığı dövrdən jurnalistlərin faəliyyətində məhdudiyyətlər və təzyiqlərlə qarşılaşdığını qeyd edib.

“Eləcə də bu müddət ərzində aksiyalar olanda, çəkilişlər zamanı jurnalistlərə böyük təzyiqlər oldu. Saxlanılanlar oldu. Üstəlik bu təzyiqlər əyalətlərdə, şəhərlərdə, rayonlarda baş verən aksiyalar zamanı da jurnalistlər saxlanmışdılar.”

Leyla Mustafayeva hazırda həbsdə olan jurnalistlərin olduğuna diqqət çəkib və mediaya təzyiqlərin pandemiyadan sonrakı dövrdə davam edə biləcəyini düşündüyünü deyib.

“Bir şeyi də nəzərdən qaçırmayaq ki, indinin özündə həbsdə olan jurnalistlər var və ötən il ərzində də həbs olunan jurnalistlər oldu. Mən fikirləşirəm ki, pandemiyadan sonra bu tendensiya davam edəcək, bəlkə də artan xətlə davam edəcək. Çünki pandemiyada artıq indidən hökumətin koronavirusla bağlı xərcləmələrinin hesabları soruşulur, yəni koronavirus fonduna yığılan vəsaitlərin necə xərcləndiyinə dair. Məncə, bu sorğuları verən, bunları sorğulayan jurnalistləri susdurmağa çalışacaqlar.”

Sərhədsiz Reportyorlar təşkilatının “Mətbuat Azadlığı İndeksi”ndə Azərbaycan bu il keçən illə müqayisədə bir pillə irəli gedərək, 167-ci yerdə göstərilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG