Accessibility links

Leyla Yunusun hüquqlarını ictimai müdafiə komitəsi yaradılıb


Leyla Yunus
Leyla Yunus

Siyasi məhbusların vahid siyahısı hazırlanacaq

Dövlətə xəyanətdə ittiham olunaraq barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilən Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını ictimai müdafiə komitəsi yaradılıb.

Bununla bağlı bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri hüquq müdafiəçisinin həbsi ilə dinləmələr keçirib.

Dinləmələrdə ölkənin tanınmış ictimai-siyasi xadimləri, hüquq müdafiəçiləri iştirak ediblər. İştirakçılar arasında Müsavat başqanının müavini Gülağa Aslanlı, Milli Şuranın sədri Cəmil Həsənli, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, ictimai xadimlər İbrahim İbrahimli, Mehriban Vəzir və eləcə də diplamatik korpusun nümayəndələri olub.

Leyla Yunusun həyat yoldaşı Arif Yunus dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib.

Tədbirdə bir daha Leyla Yunusun həbsi ilə Azərbaycan hakimiyyətinin alternativ vətəndaş cəmiyyətini susdurmaq və azad medianı boğmaq istəyi xatırladılıb.

Belə ki, Milli Şuranın sədri Cəmil Həsənli Leyla Yunusun həbsinin hakimiyyətin sifarişi əsasında həyata keçirildiyini bildirib. “Leyla xanımla bağlı iki dövlət qurumunun dünənki açıqlaması 1937-ci ili xatırladır”.

Təəssüf ki, biz Şimali Koreya modelinin içərisindəyik, diktatura hakimiyyəti içərisində yaşayırıq və ölkədə İlham Əliyevin şəxsi hakimiyyəti qurulub. Bu günlərdə müstəqil QHT-lərə, gənclərə qarşı basqılar, xüsusən narkotika ittihamları diktatura, repressiv və avtoritar rejimin bərqərar olmasına yönəlmiş hərəkətdir”, o bildirib.

Cəmil Həsənli həmçinin insan hüquqları müdafiəsi ilə məşğul olan təşkilatlara birlik təklif edərək, onların kordinasiya şurasını yaratmağı, birgə iş görməyi təklif edib.

AXCP sədri Əli Kərimli də artıq vəziyyətin getdikcə gərginləşdiyini deyib. O bildirib ki, hazırda baş verənlər demokratik qüvvələrə qarşı repressiya dalğasıdır. “Hakimiyyət Azərbaycanda hər zaman gözlənilən, istisna olunmayan böyük demokratik hərəkatın qarşısını almaq üçün cəmiyyətdə qorxu yaratmaq məqsədilə indiki prosesləri məqsədyönlü şəkildə həyata keçirir. Əsas məqsəd demokratik qüvvələri müdafiəyə sövq etmək, cəmiyyətdə qorxu yaratmaqla mübarizə əzmini zəiflətmək və ictimaiyyətə mesaj verməkdir ki, Azərbaycan hökuməti heç bir beynəlxalq ictimaiyyətlə hesablaşmır. Leyla xanım vətəndaş cəmiyyətinin ən nüfuzlu təmsilçisidir, onun həbsi sadə məsələ deyil. O zaman biz hazırki situasiyada aksiyalara hazırlaşmalıyıq və iqtidara cəmiyyətin əzminin ölmədiyini göstərməliyik”.

Mətbuat konfransı qalmaqalsız ötüşməyib.

Belə ki, jurnalist Xədicə İsmayıl Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətini hakimiyyətlə əməkdaşlıqda ittiham edib.

X.İsmayıl bildirib ki, həbsdə olan məhbuslardan bəzi hüquq müdafiəçilərinin onların adından istifadə etməsi barədə şikayətlər gəlir. “Biz yığışaraq, bu insanların adlarını açıqlamalıyıq. Mətbuat bu şəxslərə yer verməməlidir ki, onlar özlərinin hüquq müdafiəçisi kimi cəmiyyətə təqdim etsinlər. Bu şəxslər Avropada hakimiyyətin lobbiçiliyi aparırlar. Leyla Yunusun təqdim etdiyi siyasi məhbus siyahısı ilə onların hazırladığı siyahı üst-üstə düşmür”.

Müsavat Partiyasının divan üzvü Tural Abbaslı isə buna etiraz olaraq deyib ki, Novella Cəfəroğlu Müsavatın Məclis üzvüdür və onu hakimiyyətlə əməkdaşlıqda ittiham etmək əsassızdır.

Müsavat başqanının müavini Gülağa Aslanlı qeyd edib ki, L.Yunusun müdafiəsi ilə əlaqədar başqa hüquq müdafiəçilərinin ünvanına fikir söyləmək düzgün deyil.

Bununla belə X.İsmayıl təklif edib ki, hüquq müdafiəçisinin və Rəsul Cəfərovun təşkilatı birləşərək birgə siyasi məhbus siyahısnı hazrılasın və Avropaya təqdim etsinlər.

Bundan əlavə, işçi qrupu yaradılıb. Qrup Azərbaycanda siyasi məhbusların vahid siyahısının hazırlanması ilə məşğul olacaq.

XS
SM
MD
LG