Accessibility links

Əli Həsənov: Biz qərbə sərf edəndə tərəfdaş oluruq, sərf etməyəndə düşmən (video)


Prezident Administrasiyasının şöbə müdiri beynəlxalq təşkilatları, Avropa İttifaqını, İranı və müxalifəti tənqid edib.

Qeyri Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası (DDŞ) “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda konfrans keçirib.

Konfransın əsas mövzusu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun çıxışı olub. O mövzudan kənara çıxaraq Azərbaycan hökumətini tənqid edən beynəlxalq qurumlara, dövlətlərə qarşı çıxış edib, Avropa İttifaqının, müxalifətin ünvanına kəskin ifadələr işlədib
Xatırladaq ki, son aylar beynəlxalq qurumların və bir sıra Qərb dövlətləri Azərbaycanı kəskin tənqid edir, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.
Cənab Həsənov Azərbaycanda QHT-lərin inkişafı, iqtidar-QHT münasibətlərindən danışıb. DDŞ-nin yaradılması QHT-lərinin xarici donorlardan asılılığının aradan qaldırılmasına yönəldiyini bildirib. O beynəlxalq donorları QHT-ləri Azərbaycanın maraqlarına cavab verməyən layihələrə yönləndirməkdə ittiham edilib.
Şöbə müdirinin ilk tənqid hədəfi kimi “Amnesty İnternational”, “Fredoom House”, “Human Rights Watch”, “Norveç İnsan Haqları Evi” kimi təşkilatları seçib. “Bu təşkilatlar elə bilir ki, Azərbaycana gələn kimi onların qulluğunda durmalıyıq, onlar bizi Afrika dövləti sayırlar”

Qərb mətbuatının, transmilli teleşirkətlərin rəsmi Bakını kəskin tənqidə məruz qoymasını ağrılı qarşılayan Ə.Həsənov bu telekanallara 20 il ərzində Qarabağ problemi haqqında danışmamaları iradı tutub. Böyük Britaniyanın “The İndependent” qəzetini xüsusi tənqidə məruz qoyan Həsənov nəşri Azərbaycanın Qarabağ problemindən yox, jurnalistin döyülməsindən, müxalifətin sıxışdırılmasından yazmaqda ittiham edib. “Dünyanın heç bir yerində müxalifət bu qədər azad deyil”, - deyə o qeyd edib.

Ə.Həsənova görə, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzdən irəli gəlir. “Biz onlara sərf edəndə tərəfdaş oluruq, sərf etməyəndə düşmən”.

“Baxın, görün Avropa özü nə gündədir, Şərqi Avropa böhran içindədir”, -deyə şöbə müdiri Avropaya istehza edib.
Ərəb ölkələrində baş verən inqilabları transmilli teleşirkətlərin fəaliyyətinin nəticəsi qənaətində olan Ə.Həsənov onları pisləyib. “50 il idi Hüsnü Mübarək sizə sərf edirdi, indi pis oldu, Misir dövlətçiliyi nə günə qaldı?”
Azərbaycanın müxalifət qüvvələri də tənqiddən kənarda qalmayıb. “Radikal müxalifət” antiazərbaycançılıq, rəzillik, düşmənçilik, antimilli olmaq ittihamına məruz qoyulub. “Eurovision” müsabiqəsi çərçivəsində ölkəyə gələn xarici jurnalistlərə paytaxtın təmtəraqdan uzaq kənar yerlərinin göstərilməsi Ə.Həsənovun qəzəbinə səbəb olub. Onun fikrincə, xalq belə müxalifətə səs verməz və belə müxalifət hakimiyyətə gələ bilməz, xalqın etimadını qazana bilməz. “Bu necə xalq gəzintisidir, dəstə ilə gəlib xarici jurnalistlərə açıqlama verirlər”.

Şöbə müdiri İctimai televiziyanın önündəki aksiyada iştirak edən xanımları tənqiddən da çəkinməyib. “Dilim də gəlmir onlara xanım deyim, özlərini bilə-bilə yerə çırpırlar ki, polis “ora-buralarından” tutsun və televiziyalar çəksin”, - deyə o etirazını kəskin biruzə verməkdən belə çəkinməyib.

Ə.Həsənov “Eurovision” müsabiqəsi günlərində müxalifətin keçirdiyi aksiyaları ölkənin mənfi imicini formalaşdırmaq kimi dəyərləndirib.
Dini fundamentalizmdən danışan şöbə müdiri bu müstəvidə İran-Azərbaycan münasibətlərinə də toxunub. “Sənin dinin də saxtadır, ruhaniyyətin də saxtadır”, - deyə Həsənov İranın Azərbaycana mənfi mövqeyinə münasibət bildirib.
Müzakirələr zamanı natiqlər şöbə müdirinin “tezisləri”ni inkişaf etdirib. Yekun olaraq, Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidi qətnaməsi əleyhinə bəyanat qəbul edilib. Bəyanatda Avropa Parlamentinin qətnaməsi əsassız sayılır. Avropa Parlamentinin Azərbaycanda nüfuzunu bərpa etmək üçün bundan sonra “düşünülmüş siyasət” yürüdəcəyinə ümid ifadə olunur.

XS
SM
MD
LG