Accessibility links

Əli Əkbər Salehi: Bəhreynə qoşun yeridilməməli idi


Əli Əkbər Salehi: Bəhreynə qoşun yeridilməməli idi
Əli Əkbər Salehi: Bəhreynə qoşun yeridilməməli idi

Fevralda Bəhreyndə hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb

“Bəhreyndəki indiki durum davam etsə, bu bütün bölgə üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq. Bunu isə heç kəs arzulamır. Bəhreyn problemi yalnız Bəhreyn xalqına aid məsələdir. Elə buna görə də bu ölkəyə qoşun yeridilməməli, ona hücum edilməməliydi. Bəhreyndə aparılan əməliyyatlara yol verilməməliydi”. “Media forum” saytının məlumatına görə, bunu mayın 2-də Qətərə səfər edən İran xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında deyib.
Fevral ayında Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda bu məsələyə görə ərəb ölkələri ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.
Aprelin 25-də Bəhreyn hakimiyyəti İran səfirliyinin ikinci katibi Hüccətullah Rəhmanini “arzuolunmaz şəxs” elan edib. İkinci katib İranın Küveytdəki casus şəbəkəsi ilə əlaqədə günahlandırılıb və ondan üç gün ərzində Bəhreyndən çıxmaq tələb olunub. Həmin gün İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ittihamı təkzib edib və Bəhreyni cavab tədbirləri görüləcəyi ilə hədələyib.

XS
SM
MD
LG