“Lider TV və Radio-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyət müflis elan edilib.
Bu qərar iyunun 16-da Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.
Məhkəmə Rabitə Nazirliyinin "Peyk Rabitəsi" İstehsalat Birliyinin "Lidert TV və Radio - Azərbaycan" MMC-yə qarşı iddiasını təmin edərək, teleşirkəti müflis elan edib.
Məhkəmə "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasovu əmlak inzibatçısı təyin edib.
Teleradio” İstehsalat Birliyi iddia ərizəsində göstərib ki, “Lider TV və Radio-Azərbaycan” MMC müqavilə öhdəliklərinə əməl edə bilmir. Ona görə də müflis elan edilməlidir. Əmlak inzibatçısının təyin olunmasına gəlincə, şirkətin mülkiyyətində olan əmlak qiymətləndiriləcək və öhdəliklərin icrasına yönəldiləcək.
Ekpertlər deyir ki, son illər şirkətin ciddi maliyyə çətinlikləri yaranıb və şirkət əməkdaşlarının maaşları ödənilməməyə başlayıb. Bundan başqa, şirkət Rabitə Nazirliyinin qurumlarına yerüstü və peyk yayımına görə ödəniş edə bilməyib və böyük məbləğdə borcu yaranıb.
"Lider” telekanalı 2000-ci ilin sentyabrından efirdədir. Lakin “Lider TV və Radio-Azərbaycan” MMC bundan öncə - 1999-cu ildə təsis olunub.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, bu televiziyanın müflis olma səbəbi, əslində tək o televiziya deyil, bütün televiziyaların Azərbaycanda doğru fəaliyyət ilə məşğul olmamasıdır.
“Bu gün Lider TV-nin müflis elan olunması əslində hüquqi şəxslərin müflis elan olunması hüquqi bir prosedurdur. Televiziya hüquqi şəxs olduğu üçün onun fəaliyyət sahəsi televiziya olmasına baxmayaraq, o, kommersiya qurumudur və müflis oluna bilir. Ümumiyyətlə bu televiziyanın müflis olma səbəbi, əslində tək o televiziya deyil, bütün televiziyaların Azərbaycanda doğru radio fəaliyyəti ilə məşğul olmamasıdır. Daha çox təbliğat, təşviqat ilə məşğul olmasıdır. Televiziya kommersiya qurumu kimi, eyni zamanda informasiya ilə işləyən qurum kimi gərək verilişlərini obyektiv tərəfsiz cəmiyyətin sferalarını əhatə edən inormasiyalarla zənginləşdirsin. Təbii ki, reklam bazarında da buna görə ona bir tələb yaransın. Azərbaycanda televiziyaların əksəriyyəti, xüsusilə, özəl televiziyalar dövlət və ictimai kateqoriyadadır. Onlara tələb yoxdur. Onlar sadəcə dövlət və ictimai dövlət büdcəsindən maliyyələşdiyi üçün ayaq üstə durur. Özəllər isə daha çox hansısa məmura və ya hansısa məmura yaxın şəxslərə bağlı olduğu üçün dolayı vasitələrlə bir az da reklama inzibati resurslarla yönəltməklə ayaq üstdə dururlar. Əslində normal mühit olsa, normal azad bazar iqtisadiyyatı olsa bu televiziyaların heç biri bu rəqabətə davamlı ola bilməz. Çünki onların auditoriyası yox səviyyəsindədir. Lider TV bu səbəbdən ona olan ehtiyac olmadığı üçün, reklam bazarında payı olmadığı üçün və faktiki olaraq auditoriyası olmadığı üçün dəstək də məmurlardan kəsildiyi zaman artıq bağlanma və bu vəziyyətə düşmə durumu ilə qarşı-qarşıya qaldı. Digər tərəfdən televiziyalar hansısa formada məmur dəstəyindən kəsilsə və inzibati qaydada reklama yönəltməsə onların da aqibətinin belə olması gözləniləndir. Çünki onların heç biri Azərbaycan cəmiyyətini əhatə eləyən, Azərbaycan cəmiyyətinin bütün fərqli tərəflərinin ictimai, siyasi dünyagörüşünü, problemlərini işıqlandıran yayımlara sahib deyillər,” ekspert qeyd edib.