Accessibility links

Əlillərin problemləri müzakirə edilib


Əlillərin problemləri müzakirə edilib
Əlillərin problemləri müzakirə edilib

Yol-nəqliyyat infrastrukturu, səkilər, binalar, təhsil əlillərin tələbatına cavab vermir.

Buta Humanitar Uşaq Fondu Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “İnteqrasiya vasitəsi ilə əlillik haqqında stereotiplərin aradan qaldırılması” layihəsini həyata keçirib. Layihənin əsas məqsədi əlilliyi olan insanların mövcud durumu və onların bacarıqları və cəmiyyətin maraqlarının öyrənilməsidir.
Çıxışlarda ölkədəki yol-nəqliyyat infrastrukturun, səkilərin, meydanların, küçələrin, yeni tikilmiş binaların, təhsil sisteminin, liftlərin əlillərin tələbatına cavab vermədiyini bildiriblər. Qanunvericilər istənilən qanun layihəsi hazırlananda əlillərin fikrini nəzərə almalıdır. Bir çox hallarda qanunların tələbləri reallıqda yerinə yetirilmir.
Azərbaycanda əlillərin təhsilə və işə cəlb edilməsi səviyyəsi çox aşağıdır. “Əlilliyi olan insanların əksəriyyətinin peşə təhsili yoxdur, işə düzəldilməsinə motivasiya zəifdir. İşəgötürənlərin əksəriyyəti əlilliyi olan insanların işə düzəldilməsinə çox az maraq göstərir. Bu isə əlilliyi olan işçilər üçün əlavə şərait və güzəştlə təmin etmək zərurətindən və həmçinin əlilliyi olan işçinin əməyinin az məhsuldarlığından irəli gəlir”, - deyə “Müstəqil Həyata Dəstək” İctimai Birliyinin rəhbəri Aydın Xəlilov bildirib.
Ölkədə 480 mindən çox əlilliyi olan insan var (onların 60 min nəfəri uşaqlarıdır). Ekspertlər hesab edir ki əlilliyi olanların yaxınları da nəzərə alınsa, bir milyondan çox adam əlillik problemləri ilə üzləşir.
Azərbaycanda əlilliyə ictimai münasibət bütövlükdə dəyişməlidir. Dövlət və cəmiyyət birbaşa əlilliyi olan insanların ümumi təhsilə cəlb olunmasına, işlə təmin olunmasına, əlillərin özlərinin iş axtarmasına kömək etməlidir. Bunun üçün ən azı əlilliyi olan insanların valideynləri səsini qaldırmalıdır. “Əlilliyi olan insanlara valideynlərin və cəmiyyətin köməyi lazımdır. Valideynləri əlilliyi olan insanların təhsilə və bağçalara cəlb edilməsinə çalışmalıdır. Təşkilatlar əlilliyi olan insanların rahatlığı üçün lazım olan infrastrukturu yaratmalıdır. Məsələn, metrolarda, avtobus, qatar stansiyalarında əlil arabalarının və digər əlilliyi olan insanların təhlükəsiz hərəkəti üçün şərait yaradılmalıdır”, - deyə Buta Humanitar Uşaq Fondunun prezidenti Nazim İbadov Amerikanın Səsi radiosuna müsahibəsində qeyd edib.
Ölkədə əlilliyi olan insanların tələb və təminatları ilə bağlı statistika mövcud deyil. “Ümumi hesablamalara görə ölkədə 40 min əlilliyi olan insanın əlil arabasına ehtiyacı var. Hökumət hər il min əlil arabası verir. Bu arabanın istifadə müddəti isə 3 ildir. Rəqəmlər ehtiyacın ciddiliyindən xəbər verir”, - deyə cənab İbadov bildirib.
Yada salaq ki, bir neçə il öncə ölkədə əlillərin özlərinin işə cəlb edilməsi ilə əlil arabaları istehsal edilib. Lakin bir müddət sonra istehsal dayanıb və hazırda bu arabalar xarici ölkələrdən alınır.
Ekspertlərin fikrincə, ölkədə əlilliyi olan insanlarla bağlı problemin aradan qaldırılması üçün ilk növbədə hazırda işlənən Bakının və digər şəhər, qəsəbə və kəndlərin baş planında əlillər üçün infrastrukturun qurulması məsələləri nəzərə alınmalıdır. Hökumətin proqram və sənədlərində bu problem əksini tapmalıdır. Problemi qabaqlamaq üçün əlilliyi olan uşaqlar bağçalara və məktəblərə cəlb edilməlidir.
İctimaiyyət isə hesab edir ki, Azərbaycan cəmiyyəti və hökuməti əlilliyi olan insanlara ögey münasibət bəsləyir. “Bakı şəhərində aparılan yenidənqurma və təmir meydanlarını tankla belə keçmək mümkün deyil. Burada əlil insanlar nə edə bilər?”, - deyə Bakı sakinlərindən biri Amerikanın Səsi radiosuna bildirib.
Bakı sakinləri həmçinin paytaxtda aparılan təmir və yenidənqurma işlərinin nizamsız aparılmasından narazıdır. “Burada yollarda, səkilərdə elə dərin çalalar qazırlar ki, nəinki nəqliyyat, sağlam insanlar belə bu dərələri keçə bilmir”, - deyə digər sakin qeyd edib.
Əlillərin hətta hər-hansı nazirliyə, o cümlədən prezident administrasiyasına getməsi üçün əlil cığırları salınmayıb.

XS
SM
MD
LG