Accessibility links

Respublikaçı senator: ABŞ qüvvələrinin Suriyadan çıxarılması fəlakət olardı


ABŞ-ın nüfuzlu respublikaçı senatoru Lindsi Qraham (Lindsey Graham) prezident Donald Trampa ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmaması ilə bağlı xəbərdarlıq edib. O deyib ki, bu addım İslam Dövləti qrupunun yenidən baş qaldırması və İranın Dəməşqdə Suriya hökuməti üzərində nüfuzunun artmasına gətirib çıxara bilər.

“Bu, prezidentin qəbul edə biləcəyi ən pis qərar ola bilər”, Senatın Silahlı Qüvvələr komitəsinin üzvü olan senator Qraham Fox tele-kanalına müsahibəsində bildirib.

“Biz İŞİD-in ipini yığmışıq. Onların ipini buraxmaq istəyirsinizsə, Amerika əsgərlərini çıxarın”, o bildirib.

​İslam Dövləti qrupunun bir zamanlar Suriyada ələ keçirdiyi ərazilərin demək olar hamısını itirməsi ilə Tramp müşavirlərinə ABŞ hərbi qüvvələrini ölkədən erkən çıxarmaq istədiyini deyib.

ABŞ hərbi qüvvələrinin əsgərləri Suriyada Manbic şəhərindəki postda ərazini izləyir.
ABŞ hərbi qüvvələrinin əsgərləri Suriyada Manbic şəhərindəki postda ərazini izləyir.

Prezidentin bu mövqeyi ABŞ hərbi qüvvələrinin rəsmiləri ilə fikir ayrılıqlarına səbəb ola bilər. Hərbi rəsmilər İŞİD-ə qarşı mübarizənin hələ sona çatmadığını düşünür.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının gələn həftənin əvvəli ABŞ-ın başçılığı ilə Suriyada İslam Dövləti qrupuna qarşı kampaniyanı müzakirə etmək üçün iclas keçirəcəyi gözlənilir.

Əgər biz əsgərləri yaxın zamanda çıxarsaq, İŞİD geri dönəcək, Türkiyə və kürdlər arasında müharibə nəzarətdən çıxacaq və siz Dəməşqi Amerikanın mövcudluğu olmadan iranlılara vermis olacaqsınız.
Senator Lindsi Qraham

Administrasiyanın yüksək səviyyəli rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, Trampın müşavirləri ABŞ hərbi qüvvələrindən ibarət kiçik kontingentin Suriyada azı iki il müddətində qalmasına ehtiyac olduğunu hesab edir.

Administrasiya rəsmisi bildirib ki, Tramp bu mövqeyi ilə razı olmasa da, onun həqiqətən də hərbi qüvvələrin çıxarılması haqda qərar verəcəyi aydın deyil.

ABŞ-ın Suriyada 2 min nəfərdən ibarət hərbi qüvvəsi var.

Qraham müsahibəsində Ağ Evin müşavirlərinin narahatlıqlarını bölüşüb.

“Bu, fəlakət ola bilər”, o bildirib.

“Suriya ətrafında 3 minə qədər İŞİD döyüşçüsü var. Əgər biz əsgərləri yaxın zamanda çıxarsaq, İŞİD geri dönəcək, Türkiyə və kürdlər arasında müharibə nəzarətdən çıxacaq və siz Dəməşqi Amerikanın mövcudluğu olmadan iranlılara vermis olacaqsınız”, Cənubi Karolina ştatını təmsil edən respublikaçı senator əlavə edib.

XS
SM
MD
LG