Accessibility links

Mənbələr: Litva prezidenti Svetlana Tixanovskayanı Nobel mükafatına namizəd göstərib


Arxiv fotosu- Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa İttifaqının insan haqları mükafatı olan Saxarov Mükafatı alıb, Brüssel, 16 dekabr, 2020.
Arxiv fotosu- Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Avropa İttifaqının insan haqları mükafatı olan Saxarov Mükafatı alıb, Brüssel, 16 dekabr, 2020.

Litva Prezidenti Gitanas Nauseda Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın Nobel sülh mükafatına namizədliyini irəli sürüb. Bu barədə şənbə günü iki məlumatlı mənbə tərəfindən məlumat verilib.

Mənbələrindən birinin verdiyi məlumata görə, Nauseda avqustun 9-u mübahisəli prezident seçkilərindən sonra Belarusdan Litvaya qaçan Tixanovskayanın namizədliyini “Belarusda demokratik hərəkata və azad seçki tələbinə dəstəyini nümayiş etdirmək üçün” irəli sürüb.

Belarusda Prezident Aleksandr Lukaşenkonun avqustun 9-u seçkilərində Tixanovskayadan irəli çıxaraq, qələbə qazandığı elan edildikdən sonra kütləvi etiraz aksiyaları başlayıb. Müxalifət seçkinin nəticələrinə etiraz bildirib. Ölkədə minlərlə nümayişçi nəzarət altına alınıb, müxalifət nümayəndələrinin demək olar hamısı ya ölkədən çıxarılıb, ya da hazırda həbsxanadadır.

Keçmiş müəllim Tixanovskaya tanınmış müxalifətçi blogger olmuş həyat yoldaşının seçki ərəfəsində həbs edilməsindən sonra prezidentliyə namizəd olub. Tixanovskaya Lukaşenkonun hakimiyyətdən getməsi, həbsdə olan nümayişçilərin azad edilməsi və azad seçki keçirilməsini tələb edir.

O, keçən həftə Avropa İttifaqını və ABŞ-ı Lukaşenkonun hakimiyyətinə sona qoymağa kömək etmək üçün hərəkətlərində "cəsarətli və güclü" olmağa çağırıb.

Bu il Nobel sülh mükafatına namizədlərin adlarının təqdim edilməsi üçün müddət yanvarın 31-nə qədər davam edəcək. Qalibin adı noyabr ayında elan edilməlidir.

Keçən il Nobel sülh mükafatı Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramına verilib.

XS
SM
MD
LG