Accessibility links

Livanın tanınmış şiə naşiri qətlə yetirilib


Təhlükəsizlik mənbələri və ailəsinin bildirdiyinə görə, İranın dəstəklədiyi Hizbulla qrupunu tənqid edən Livanın tanınmış şiə naşiri cümə axşamı Livanın cənubunda avtomobildə ölü tapılıb.

Cinayət işini izləyən hakim Loğman Slimin baş nahiyəsində 4, kürəyinə 1 güllə yarası aşkar edildiyini bildirib. Bu, bir fəala qarşı son illər ərzində ölkədə edilən ilk qətl hadisəsidir.

Təhlükəsizlik mənbələrindən biri də araşdırma mərkəzində işləyən və filmlər çəkən Slimin odlu silahla başından vurulduğunu bildirib. Başqa bir mənbə isə Slimin telefonunun yol kənarında tapıldığını deyib.

Onlar qətlin hansı səbəbdən törədildiyinin məlum olmadığını bildirib.

Hizbullanı qorxu taktikası olaraq gördüyünü deyən 50 yaşlı Slim qrupu digər siyasi baxışlara qarşı dözümsüzlükdə günahlandıran aparıcı bir şiə səsi idi.

Hizbulla tərəfdarları
Hizbulla tərəfdarları

Sonuncu dəfə onu çərşənbə axşamı bir şair dostunun evindən çıxarkən görüblər. Ailəsi onun həmin gecə itkin düşdüyünü deyib. Həyat yoldaşı tvitter səhifəsində onun telefon zənglərinə cavab vermədiyini yazıb.

Qohumlarından biri isə Slimin ölüm xəbərini polis bölməsində, onun itkin düşdüyünü bildirmək üçün getdikləri zaman xəbərlərdən öyrəndiklərini bildirib.

Livanın müvəqqəti Daxili İşlər Naziri yerli mediaya Slimin "dəhşətli bir cinayətin qurbanı" olduğunu deyib və "sui-qəsd" adlandırdığı cinayət işinin davam etdiriləcəyinə söz verib.

Slim həyat yoldaşı ilə sənədli filmlər çəkir, Livanın 1975-1990-cı illərin vətəndaş müharibəsinə dair arxiv yaradılması səylərinə rəhbərlik edirdi.

Hizbullanı tənqid etməsi güclü silahlanmış hərəkatın tərəfdarları tərəfindən hiddətlə qarşılanırdı və onu ABŞ-ın aləti olmaqda günahlandıranlar “səfirlik şiəsi” adlandırırdı.

XS
SM
MD
LG