Accessibility links

İranda həbsdə olan livanlı biznesmen azad edilib


2015-ci ildə İranda Birləşmiş Ştatların xeyrinə casusluq ittihamı ilə həbs edilən livanlı biznesmen azad edilib.

Eyni zamanda Birləşmiş Ştatlar vətəndaşı olan Nizar Zakka çərşənbə axşamı azad edilən kimi Beyruta yola düşüb və orada Livan prezidenti Mişel Aunla görüşüb.

İran dövləti əleyhinə iş aparmaqda günahlandırılan Zakka 10 il həbs cəzasına məhkum edilib və 4 milyon dollardan çox məbləğdə cərimə ödəyib. İranın dövlət mediası Zakkanın Birləşmiş Ştatların hərbi və kəşfiyyat xidmətləri ilə dərin əlaqələri olmaqda ittiham edildiyini bildirib.

Zakka ona qarşı irəli sürülən ittihamları saxta adlandıraraq, rədd edib. O, İranın onu oğurladığını deyib və məhkəməni “şou” adlandırıb. "Mən heç dəyişməmişəm. Mən hələ də güclüəm və başım ucadır. Lakin bir şeyi, insan haqları, ifadə azadlığı və İnternetə çıxış hüququ haqqında daha qətiyyətli olduğumu bildirirəm" – deyə, o bildirib.

Zakka Qərblə əlaqəsi olmaqda ittiham edilərək İranda həbs edilən bir neçə məhbusdan biridir. Apellyasiya məhkəmələri 2017-ci ildə ona, daha bir amerikalıya və iki İran mənşəli amerikalıya qarşı irəli sürülən həbs cəzası hökmünü qüvvədə saxlamışdı.

XS
SM
MD
LG