Accessibility links

Liviyanın rəqib liderləri Moskvada danışıqlar aparır


Rusiya və Türkiyə bazar ertəsi Moskvada Liviyanın müharibə aparan tərəflərinin liderləri ilə görüşərək, onları doqquz aydır davam edən müharibəni dayandırmaq üçün barışığa imza atmağa və bu Şimali Afrika ölkəsini sabitləşdirə biləcək bir həll yolu tapmağa çağırıb.

İki Liviya nümayəndə heyəti arasında Rusiya və Türkiyənin təkidi ilə keçirilən danışıqlar 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən bəri neft hasil edən bu ölkəni bürümüş xaosa son qoymaq üçün axırıncı cəhddir.

Paytaxt Tripolinin nəzarətini ələ keçirməyə çalışan Liviya Milli Ordusu fraksiyasının komandiri Xəlifə Haftar və Tripolidə əsaslanan, hökuməti beynəlxalq ictimaiyyət tərəfindən tanınan Fayez Əl-Serrac Moskvada danışıqların keçirildiyi binada ayrı-ayrılıda şəkil çəkdirib.

Rusiyanın TASS xəbər agentliyi Serracın Haftarla birbaşa danışıqlar aparmaqdan imtina etdiyini, Rusiya və Türkiyə diplomatlarının iki heyət arasında gedib-gəlməli olduğunu bildirib.

İki lider sonuncu dəfə keçən ilin fevral ayında Əbu Dabidə görüşüb və hakimiyyəti paylaşmaq razılığı əldə edilə bilmədiyindən və müzakirələrin dayandırılmasından sonra Haftar aprel ayında qoşunlarını Tripoliyə doğru irəlilədərək, nəzarəti şərq və cənubda genişləndirib.

Ankarada İtaliyanın baş naziri Cüzeppe Konte ilə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Liviyada atəşkəsin davamlı olmasını təmin etmək üçün çalışdığını bildirib. O, Moskva danışıqlarının bazar günü Rusiya prezidenti Vladimir Putin və Kontenin də iştirak edəcəyi Berlin sammitində müzakirə ediləcəyinə ümid etdiyini deyib.

Almaniya kansleri Angela Merkel şənbə günü Putinlə danışıqlardan sonra belə bir zirvə toplantısı keçirməyi planlaşdırdığını bildirmişdi.

"Barışıq barədə razılığın tezliklə imzalanmasını istəyirəm. Hazırda Moskvada danışıqlar davam edir. Axşam saatlarında sona çatacağına inanıram. Danışıqların pozitiv getdiyi barədə yeni məlumat aldım” - deyə, Ərdoğan bildirib.

Türkiyə Haftarın rəqibi Serracı dəstəkləyir. Rusiya ordusunun yardım etdiyi Haftarın Liviya Milli Ordusu isə Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya tərəfindən dəstəklənir.

XS
SM
MD
LG